ABŞ Prezidenti Donald Tramp İranla razılaşma fonunda həm Tehrana xəbərdarlıq edib, həm də bəzi NATO müttəfiqlərini tənqid edib.
MSNews.az xəbər verir ki, “Reuters” ABŞ-ın İranla aparılan danışıqlardan sonra Tehrana qarşı sanksiyaları 60 günlüyə yumşaltdığını yazıb. Qərar İranın neft və əlaqəli məhsullar satmasına, həmçinin ödəniş almasına imkan verir.
Tramp jurnalistlərə açıqlamasında bildirib ki, İran razılaşmaya əməl etməsə və ya “uyğun olmayan davranış” göstərsə, Vaşinqton cavab addımı atacaq. “Reuters” ABŞ prezidentinin “etməli olduğumu edəcəyəm” sözlərini sitat gətirib.
“The Times of Israel” yazır ki, Tramp Hörmüz boğazı ilə bağlı vəziyyətin “çox yaxşı” olduğunu deyib. O, ABŞ-ın iki nəticə əldə etdiyini bildirib: açıq boğaz və nüvə silahına sahib olmayacaq İran.
Tramp həmçinin İranın sanksiyaların yumşaldılmasından əldə edəcəyi gəlirlərin ABŞ fermerlərindən ərzaq alınmasına yönəlməli olduğunu deyib. Lakin “Reuters”in məlumatına görə, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti Tehranın bu vəsaiti yalnız ABŞ kənd təsərrüfatı məhsullarına xərcləmək öhdəliyinin olmadığını bildirib.
ABŞ prezidenti Livandakı vəziyyətə də toxunub. O, İsrailin Baş naziri Benyamin Netanyahunun İsrail qüvvələrinin Livanı tərk etməyəcəyi ilə bağlı mövqeyinə münasibətdə məsələni nəzərdən keçirəcəklərini deyib. Tramp “Bibi ilə də problemləri tez həll edə bildiyini” vurğulayıb.
NATO müttəfiqləri ilə bağlı isə “The Economic Times” Trampın İran müharibəsi zamanı İtaliya və Almaniyanı tənqid etdiyini yayıb. Videomaterialda ABŞ prezidentinin bu ölkələri NATO çərçivəsində Vaşinqtona lazımi dəstək verməməkdə günahlandırdığı bildirilir.