Kolumbiya Prezidenti Qustavo Petro ölkədə keçirilən prezident seçkilərinin ikinci turu fonunda İsraillə bağlı sərt ittiham irəli sürüb.
MSNews.az xəbər verir ki, “Milenio” Petronun “X” hesabındakı paylaşımına istinadən onun seçki sisteminə müdaxilə olunduğunu iddia etdiyini yazıb. Kolumbiya Prezidenti Milli Qeydiyyat İdarəsinin bir neçə serverində IP ünvanlarının dəyişdirildiyini və bunun seçki proqram təminatının sındırılması anlamına gəldiyini bildirib.
Petro iddia edib ki, belə müdaxiləni həyata keçirmək imkanına malik yeganə ölkə İsraildir. O, bütün seçki məntəqələri üzrə səslərin yenidən hesablanmasını və proqram təminatına mümkün müdaxilələrin araşdırılmasını tələb edib.
“teleSUR” də Petronun bu açıqlamasını yayıb və onun seçki prosesində texniki audit aparılmasını istədiyini bildirib. Bununla belə, İsrailin seçkilərə müdaxiləsi ilə bağlı iddia hələlik müstəqil texniki sübutlarla təsdiqlənməyib.
“Reuters” yazır ki, ilkin hesablamaya əsasən, sağçı namizəd Abelardo de la Esprielya 49,66% səslə öndədir. Onun rəqibi, solçu senator İvan Sepeda isə 48,7% səs toplayıb. “The Guardian” nəticənin çox yaxın olduğunu və Petronun yalnız rəsmi yoxlama prosesindən sonra yekun nəticəni tanıyacağını bildirdiyini qeyd edib.