Koreyada “dopamin saytları” trendə çevrilib

Cənubi Koreyada gənclər real alış-veriş etmədən sifariş təcrübəsini simulyasiya edən “dopamin saytları”ndan istifadə edirlər. Bu platformalar pul xərcləmədən alış-veriş hissi yaratmaq məqsədi daşıyır.

59

Cənubi Koreyada real alış-veriş etmədən sifariş təcrübəsi yaşadan “dopamin saytları” gənclər arasında yeni rəqəmsal trendə çevrilib.

MSNews.az xəbər verir ki, “The Korea Times” nəşrinin məlumatına görə, bu tip platformalar istifadəçilərə məhsul və ya yemək seçmək, onları səbətə əlavə etmək və sifariş prosesini simulyasiya etmək imkanı verir. Lakin real ödəniş edilmir və istifadəçiyə heç bir məhsul çatdırılmır.

Nəşr yazır ki, “dopamin saytları” xüsusilə Koreyada gənclər arasında stressi azaltmaq və ani alış-veriş istəyini nəzarətdə saxlamaq üçün istifadə olunur. Bəzi istifadəçilər bu platformaların onlara real alış-verişə bənzər qısa məmnunluq hissi verdiyini, lakin pul xərcləməyə səbəb olmadığını bildirirlər.

“VICE” isə qeyd edir ki, bu cür saxta onlayn mağazalar məhsul kartları, rəylər, reytinqlər, filtrlər və endirim kampaniyaları ilə real e-ticarət saytlarına bənzədilir. İstifadəçi məhsulu seçir, çatdırılma ünvanını daxil edir və sifarişi tamamlayır. Daha sonra sistem virtual kuryerin sifarişi “qəbul etdiyini” və “yola düşdüyünü” göstərir.

“South China Morning Post”un məlumatına görə, bu trend yalnız alış-verişlə məhdudlaşmır. Koreyada yemək çatdırılması və hətta “siqaret fasiləsi” atmosferini təqlid edən saytlar da yayılıb. Bu platformalar istifadəçilərə real hərəkət etmədən həmin təcrübənin emosional təsirini yaşatmağa çalışır.

Ekspertlər isə trendə birmənalı yanaşmırlar. Bəziləri bunu impulsiv xərclərin qarşısını alan zərərsiz rəqəmsal çıxış yolu kimi qiymətləndirir. Digərləri isə bildirirlər ki, belə saytlar alış-veriş vərdişinin psixoloji mexanizmini tam aradan qaldırmır, sadəcə maliyyə itkisini müvəqqəti olaraq sıfırlayır.