“Sabah”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib.
MSNews.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2026/27 mövsümü üzrə II təsnifat mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılıb.
Püşkün nəticəsinə əsasən, “Sabah” – “The New Saints” cütünün qalibi növbəti mərhələdə Şimali Makedoniyanın “Vardar” və Finlandiyanın “KuPS Kuopio” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
“Sabah”la ilk təsnifat mərhələsinin birinci oyunu iyulun 7-də və ya 8-də Masazırdakı “Bank Respublika Arena”da, cavab görüşü isə iyulun 14-də və ya 15-də Uelsdə keçiriləcək. Qarşılaşmaların dəqiq tarixləri hələ təsdiqlənməlidir.
“UEFA”nın açıqlamasına əsasən, II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.