ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi HƏMAS və “Hizbullah”la bağlı qalmaqallı təklif irəli sürüb.
MSNews.az xəbər verir ki, Hakkabi bu barədə “X” hesabında paylaşım edib.
Diplomat bildirib ki, İran İsraildən “Hizbullah”a qarşı sərhəd müdafiəsini dayandırmağı tələb edir, Qəzza üzrə sülh planı isə HƏMAS-ın tərksilahından asılıdır.
Hakkabi bu fonda HƏMAS və “Hizbullah” üzvlərinin İrana göndərilməsi ideyasını irəli sürüb.
“Bütün ‘Hizbullah’ və HƏMAS üzvlərini onların ‘ana gəmisinə’ — İrana deportasiya edin. Nəticə? Livan və İsrail İranın terror proksilərindən azad olar. Sülhə şans verin!”, — səfir yazıb.
“Iran International” da Hakkabinin paylaşımını yayımlayaraq bildirib ki, ABŞ səfiri bu təklifi İsrail-Livan sərhədindəki gərginlik və Qəzza üzrə sülh planı fonunda səsləndirib.
Hakkabinin açıqlaması ABŞ-İran danışıqları, İsrailin Livandakı hərbi mövcudluğu və Qəzzada HƏMAS-ın tərksilahı ilə bağlı müzakirələrin davam etdiyi vaxtda verilib.
Daha əvvəl “Times of Israel” yazmışdı ki, Hakkabi “Hizbullah” məsələsinin ABŞ-İran razılaşmasına daxil olmadığını və İsrailin özünü müdafiə hüququnun qorunduğunu bildirib.
Qeyd edək ki, ABŞ HƏMAS və “Hizbullah”ı terror təşkilatı kimi tanıyır. İsrail isə hər iki qrupla bağlı təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasını Qəzza və Livan üzrə əsas şərtlərdən biri kimi təqdim edir.