Kolumbiyada prezident seçkilərinin ikinci turu ərəfəsində ölkənin gələcək liderini ciddi iqtisadi məhdudiyyətlər gözləyir.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” iqtisadçılara, siyasətçilərə və investorlarla aparılan müsahibələrə istinadən məlumat yayıb.
Kolumbiyalı seçicilər ikinci turda sağçı hüquqşünas Abelardo De La Esprielya və solçu senator İvan Sepeda arasında seçim edəcəklər. Namizədlərin Latın Amerikasının dördüncü ən böyük iqtisadiyyatı üçün təklif etdiyi proqramlar kəskin şəkildə fərqlənir.
De La Esprielya dövlət aparatını 40 faiz kiçiltməyi, vergi bazasını genişləndirməyi, korporativ vergiləri azaltmağı və özəl sektorda məşğulluğu artırmağı vəd edir. O, həmçinin neft kəşfiyyatının bərpasını, frakinqə icazə verilməsini və neft hasilatının gündəlik 1,3 milyon barrelə qədər artırılmasını istəyir.
Sepeda isə hazırkı prezident Qustavo Petronun iqtisadi və sosial islahatlarını dərinləşdirməyi planlaşdırır. O, ən varlı kolumbiyalılara və iri şirkətlərə vergilərin artırılmasını, yoxsulluğun azaldılmasını və yeni neft-kömür kəşfiyyatına qadağanın saxlanılmasını müdafiə edir. Bununla belə, Sepeda qaz və dağ-mədən layihələrinə açıq olduğunu bildirib.
“Reuters”in daha əvvəlki məlumatına görə, De La Esprielya birinci turda 43,7 faiz, Sepeda isə 40,9 faiz səs toplayıb. Bu nəticədən sonra Kolumbiya aktivləri bahalaşıb, çünki investorlar bunu Qustavo Petro dövrünün siyasətindən uzaqlaşma ehtimalının artması kimi qiymətləndiriblər.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, seçkidə qalib gələcək namizədin iqtisadi proqramını həyata keçirmək imkanları məhdud olacaq. Əsas səbəblər dövlət borcunun yüksək səviyyəsi, zəif büdcə gəlirləri, böyük xərclər və Konqresdə vahid çoxluğun olmamasıdır.
Kolumbiyanın dövlət borcu ümumi daxili məhsulun təxminən 60 faizinə bərabərdir. Analitiklər və reytinq agentlikləri bildirirlər ki, zəif dövlət gəlirləri və yüksək xərclər hökumətin bu il üçün 5,3 faizlik büdcə kəsiri hədəfinə çatmasını çətinləşdirəcək.
Kolumbiyanın Fiskal Qayda üzrə Muxtar Komitəsinin rəhbəri Xuan Karlos Ramires bildirib ki, defolt riskindən yayınmaq üçün yeni prezident 2027-ci ildə xərcləri 5,6 milyard dollar, dörd illik müddət ərzində isə ümumilikdə 20 milyard dollar azaltmalı olacaq.
Reytinq agentlikləri ötən il Kolumbiyanın suveren kredit reytinqini aşağı salıblar. “Fitch Ratings”ə görə, ölkənin vergi islahatları təcrübəsi olsa da, yeni islahatın qəbul ediləcəyi zəmanətli deyil. De La Esprielya vergiləri azaltmağı, Sepeda isə gəlirləri artırmaq üçün islahatları dəstəkləsə də, hər iki namizəd Konqresdə ciddi müqavimətlə üzləşə bilər.
Ölkə iqtisadiyyatı ötən il 2,6 faiz böyüyüb. Bu göstərici pandemiyadan əvvəlki orta 4 faizlik artımdan aşağıdır. “Reuters” yazır ki, özəl investisiyalar hələ də COVID-dən əvvəlki səviyyəyə qayıtmayıb, neft və dağ-mədən sektorları isə əvvəlki dinamikanı itirib.
BBVA-nın Latın Amerikası strategiyası üzrə rəhbəri Alexandro Kuadrado bildirib ki, bazarlar De La Esprielyanın mümkün qələbəsini artıq böyük ölçüdə qiymətlərə daxil edib. Onun fikrincə, investorlar yeni hökumətin fiskal düzəliş imkanlarını olduğundan artıq qiymətləndirə bilərlər.
Mərkəzi Bankın idarə heyətinin üzvü Bibiana Taboada isə bildirib ki, hüquqi qeyri-müəyyənlik, təhlükəsizlik problemləri və reket investisiyaların real istehsal sektorlarından kapital bazarlarına yönəlməsinə səbəb olub. Onun sözlərinə görə, növbəti prezidentin əsas vəzifələrindən biri iqtisadiyyatın istehsal potensialını yenidən artırmaq olacaq.
Enerji sektorunun bərpası da seçki gündəminin əsas mövzularından biridir. De La Esprielya neft və mədən sektorlarını yenidən canlandırmaq istəyir, Sepeda isə yeni neft və kömür kəşfiyyatına qarşı mövqeyini qoruyur.
Ekspertlər hesab edirlər ki, kim qalib gəlirsə-gəlsin, Kolumbiyanın növbəti prezidenti iqtisadi inamı bərpa etməli, dövlət maliyyəsini sabitləşdirməli və ölkənin investisiya mühitini yaxşılaşdırmalı olacaq.