Prezident İlham Əliyev Roma Papası XIV Leonu Azərbaycana səfərə dəvət edib.
MSNews.az xəbər verir ki, Azərbaycan Prezidenti iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadığı qeyd edilib.

Corc Ceykob Kuvakad qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara görə təşəkkür edib və onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və birgəyaşayış şəraitində yaşadığı qeyd olunub. Ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqa qlobal səviyyədə verdiyi töhfələr vurğulanıb.
Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti də müzakirə olunub. Ölkəmizdə ikinci Katolik Kilsəsinin inşa edildiyi bildirilib.
Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa da toxunulub. Fondun Vatikanda həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Roma Papası XIV Leonun Azərbaycana səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.