“Hizbullah” İsrail ordusunun komanda mərkəzinə zərbə endirdiyini açıqladı

“Hizbullah” Livanın cənubunda Yəhmur əş-Şqif yaxınlığında İsrail ordusuna məxsus komanda mərkəzini “Ababil” PUA-sı ilə hədəfə aldığını bildirib.

10

“Hizbullah” Livanın cənubunda İsrail ordusuna məxsus komanda mərkəzinə zərbə endirdiyini iddia edib.

MSNews.az xəbər verir ki, “Elnashra” nəşrinin məlumatına görə, hərəkat şənbə günü saat 18:00-da Yəhmur əş-Şqif yaşayış məntəqəsi yaxınlığında İsrail ordusunun komanda mərkəzini “Ababil” tipli zərbə PUA-sı ilə hədəfə aldığını açıqlayıb.

“Hizbullah” bəyanatında zərbənin “dəqiq isabətlə” nəticələndiyini bildirib. Qruplaşma hücumu İsrailin atəşkəs razılaşmalarını pozmasına cavab kimi təqdim edib.

Eyni bəyanatda hərəkat saat 18:30-da Cədidə Mays əl-Cəbəl istiqamətində İsrail ordusuna məxsus texnika toplanmasını raket atəşi ilə hədəfə aldığını da iddia edib.

İsrail tərəfi Yəhmur əş-Şqif yaxınlığındakı konkret komanda mərkəzinə zərbə barədə ayrıca təsdiqləyici açıqlama verməyib. “Reuters” isə İsrail ordusuna istinadən yazır ki, son günlər Livan ərazisindən İsrailin şimalındakı Şomera və Şlomi yaşayış məntəqələri istiqamətinə mərmilər atılıb və Tel-Əviv bunu atəşkəsin açıq pozulması kimi qiymətləndirib.

L’Orient Today”in məlumatına görə, son sutkalarda Cənubi Livanda qarşılıqlı zərbələr intensivləşib. Nəşr İsrailin bir sıra kəndlərə hava və artilleriya zərbələri endirdiyini, “Hizbullah”ın isə müxtəlif istiqamətlərdə İsrail hərbçilərinə və texnikasına qarşı hücumlar barədə bəyanatlar yaydığını yazır.

Al Jazeera” daha əvvəl bildirmişdi ki, İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə şərti atəşkəs mexanizmini həyata keçirməyə razılaşıblar. Həmin çərçivə “Hizbullah”ın atəşi tam dayandırmasını və Livan ordusunun cənubda qeyri-dövlət silahlı qüvvələrini əvəz etməsini nəzərdə tutur.

Buna baxmayaraq, bölgədə gərginlik qalmaqda davam edir. Son hücumlar və qarşılıqlı ittihamlar atəşkəs mexanizminin sabitliyini sual altına qoyur.