NATO dron təhdidlərinə qarşı komandanın səlahiyyətlərini artıra bilər

“Politico”nun məlumatına görə, NATO üzvləri Ankaradakı sammitədək general Aleksus Qrinkeviçə dron və hava təhdidlərinə daha çevik cavab vermək üçün əlavə səlahiyyətlər verilməsini təsdiqləyə bilər.

11

NATO üzvlərinin dron və hava təhdidlərinə daha sürətli cavab vermək üçün yeni səlahiyyət mexanizmini təsdiqləyə biləcəyi bildirilir.

MSNews.az xəbər verir ki, “POLITICO” mənbələrə istinadən yazıb ki, müttəfiqlər NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı, ABŞ generalı Aleksus Qrinkeviçə dronlara və digər hava təhdidlərinə qarşı daha çevik qərarvermə imkanı verən təklifi müzakirə edirlər.

Məlumata görə, təklifin iyulun 7-8-də Ankarada keçiriləcək NATO liderlər sammitinədək təsdiqlənəcəyi gözlənilir. Sənəd qəbul edilərsə, Qrinkeviç hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, onların hazırlıq səviyyəsinin dəyişdirilməsi və alyans daxilində operativ hərəkəti ilə bağlı daha geniş səlahiyyət əldə edəcək.

The New Voice of Ukraine”nin “POLITICO”ya istinadən yaydığı məlumata əsasən, hazırda NATO ölkələri milli silah sistemlərinin harada və hansı qaydada istifadə ediləcəyini özləri müəyyən edir. Yeni təklif isə bu milli məhdudiyyətlərin bir qismini yumşaltmağı və komandanlığa ayrı-ayrı paytaxtlardan formal təsdiq gözləmədən daha çevik davranmaq imkanı verməyi nəzərdə tutur.

Təklif həmçinin NATO-nun raketdən müdafiə imkanlarının Şərq cinahında və digər regionlarda həyata keçirilən hava patrul missiyaları ilə daha sıx inteqrasiyasını nəzərdə tutur. Bu addım alyansın kiçik dronlar, raketlər və digər hava təhdidlərinə cavab reaksiyasını sürətləndirməyə yönəlib.

NATO-nun rəsmi məlumatına görə, Qrinkeviç may ayında keçirilən mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrinin Rusiya və İran mənşəli dron və raketlərə qarşı döyüş təcrübəsinin NATO üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

NATO rəsmiləri hesab edirlər ki, son aylarda Avropada artan dron insidentləri və hava məkanı pozuntuları alyans daxilində qərarvermənin sürətləndirilməsini zəruri edir. “Reuters”in daha əvvəl yaydığı məlumata görə, Qrinkeviç NATO-nun hibrid təhdidlərə, o cümlədən dronlardan istifadə edilən insidentlərə hazır olmalı olduğunu vurğulamışdı.