Cənubi Koreyanın paytaxtı Seulda keçirilən moda nümayişində insanabənzər robotlar modellərlə birlikdə podiuma çıxıb.
MSNews.az xəbər verir ki, “Reuters”in fotomateriallarında humanoid robot və modelin “Galaxy Corporation”ın “Mach33: Physical AI Fashion Show” tədbirində geyim təqdim etdiyi göstərilib. Nümayiş mayın 28-də Seulda keçirilib.
“Korea JoongAng Daily” yazır ki, tədbirin təşkilatçısı Cənubi Koreyanın “Galaxy Corporation” şirkətidir. Şirkət nümayişi insan və texnologiyanın birgə mövcudluğu, həmçinin “fiziki süni intellekt” dövrünün başlanğıcı kimi təqdim edib.
Moda nümayişində insan modellərlə yanaşı humanoid robotlar da səhnəyə çıxıb. Robotlar xüsusi hazırlanmış geyimlərdə podiumda hərəkət edib, modellərlə uyğunlaşdırılmış obrazlarda təqdim olunub və bəzi hissələrdə sinxron performans nümayiş etdiriblər.
“The Straits Times”ın AFP-yə istinadən məlumatına görə, nümayişdə göy rəngli kovboy üslublu kostyum, retro gümüşü gödəkçə, ipək geyimlər və futuristik qara şalvarlar kimi fərqli dizaynlar təqdim olunub. Geyimlər robotların skelet quruluşuna uyğunlaşdırılıb.
“Galaxy Corporation”ın baş direktoru Çoi Yon-ho bildirib ki, şirkət robotların da öz fərdi görünüşə ehtiyac duyduğunu düşünür. Onun sözlərinə görə, “insanlar necə fərqlidirsə, hər bir robot da fərqli görünməlidir”. Şirkət nümayişdə təqdim olunan geyimləri “MACH 33” brendi altında ilin sonunadək satışa çıxarmağı planlaşdırır.
Maraqlı məqamlardan biri isə nümayişdə istifadə edilən robotların mənşəyi ilə bağlıdır. Cənubi Koreyanın inkişaf etmiş robot texnologiyası və öz humanoid robot layihələri olsa da, “The Straits Times” AFP-yə istinadən yazır ki, Seuldakı nümayişdə podiuma çıxan robot modellər Çinin “Unitree Robotics” startapının istehsalı olan humanoidlərə bənzəyib. Bu robotların daha əlçatan qiymətə görə populyar olduğu bildirilir.
“Interesting Engineering” də tədbirdə robotların insan modellərlə birlikdə podiuma çıxdığını, geyim təqdim etdiyini və xoreoqrafik hərəkətlər etdiyini yazıb. Nəşr bu nümayişi robotların yalnız sənaye və xidmət sahələrində deyil, mədəniyyət, moda və əyləncə sahələrində də istifadə imkanlarını göstərən nümunə kimi qiymətləndirib.
Tədbir Seulun Qandon rayonunda yerləşən “Galaxy Robot Park”da keçirilib. “The Guardian”ın məlumatına görə, bu məkan robot temalı əyləncə parkı kimi təqdim olunur və burada K-pop robot performansları, interaktiv robot təcrübələri, robot boksu və digər texnoloji şoular planlaşdırılır.
Bununla belə, ekspertlər humanoid robotların moda və əyləncə sahəsində uzunmüddətli maraq doğurub-doğurmayacağına ehtiyatla yanaşırlar. Mütəxəssislərin fikrincə, robotların səhnədə hərəkət etməsi texnoloji baxımdan diqqətçəkən olsa da, onların insan modellər və sənətçilərlə eyni emosional əlaqə yarada bilməsi hələ açıq sual olaraq qalır.