Latviya Rusiya ilə sərhəddə tank əleyhinə müdafiə maneələrinin — “əjdaha dişləri”nin quraşdırılmasına başlayıb.
“LSM” xəbər verir ki, Latviya Milli Silahlı Qüvvələri may ayında Latviya-Rusiya sərhədi boyunca müsadirə edilmiş ərazilərdə ilk antimobil maneələrin yerləşdirilməsinə start verib. Bu maneələr Baltik Müdafiə Xətti layihəsinin bir hissəsi kimi hərbi texnikanın sərhədi keçməsini ləngitmək və qarşısını almaq üçün nəzərdə tutulub.
Məlumata görə, “əjdaha dişləri” təxminən 10 metr enində üç sıra formasında quraşdırılır. Dəmir-beton bloklardan ibarət bu maneələr tankların və digər zirehli texnikanın hərəkətini məhdudlaşdırmaq məqsədi daşıyır.
Latviya tərəfi layihənin daha əvvəl özəl torpaq sahələrinin alınması ilə bağlı problemlərə görə ləngidiyini bildirib. Lakin Antimobil İnfrastrukturun Yaradılması haqqında qanun qəbul edildikdən sonra proses sürətlənib. Latviya Müdafiə Nazirliyinin məlumatına görə, qanun Baltik Müdafiə Xəttinin qurulması üçün sərhəd bölgələrində zəruri infrastrukturun yerləşdirilməsinə və daşınmaz əmlakın dövlət müdafiə məqsədləri üçün alınmasına hüquqi əsas yaradıb.
Layihəyə rəhbərlik edən polkovnik Andris Rieksts bildirib ki, qanun qəbul edilənə qədər hərbçilər özəl torpaqlarda maneələr yerləşdirə bilmirdi. İndi isə bu məhdudiyyət aradan qaldırılıb və torpaq sahiblərinə xüsusi komissiya və sertifikatlı qiymətləndiricilər tərəfindən müəyyən edilən kompensasiya ödəniləcək.
“United24 Media” yazır ki, Latviya hərbi rəhbərliyi Baltik Müdafiə Xəttinin əsas məqsədinin potensial düşməni sadəcə ləngitmək deyil, zərurət yaranarsa, onu sərhəddə dayandırmaq və məhv etmək olduğunu bildirir. Riekstsin sözlərinə görə, Ukrayna müharibəsi göstərib ki, ərazi itirildikdən sonra onu geri qaytarmaq çox çətin olur.
Gələcək mərhələlərdə sərhəd boyunca tank əleyhinə xəndəklərin qazılması da planlaşdırılır. Latviya Müdafiə Nazirliyi bildirir ki, sərhəd istehkamları relyefə uyğun qurulacaq, təbii maneələrdən — bataqlıqlardan, meşə zolaqlarından və digər landşaft elementlərindən maksimum istifadə olunacaq. Tank əleyhinə xəndəklər beton bloklar, “əjdaha dişləri” və digər mühəndis maneələri ilə gücləndiriləcək.
Latviyanın Rusiya və Belarusla sərhədinin ümumi uzunluğu təxminən 450 kilometrdir. “Mezha” portalının məlumatına görə, 2026-cı ildə Latviya Milli Silahlı Qüvvələri 8 kilometrdən çox antimobil infrastruktur inşa etməyi planlaşdırır.
Baltik Müdafiə Xətti layihəsi Latviya, Litva və Estoniyanın birgə təşəbbüsü kimi həyata keçirilir, Polşanın “Şərq Qalxanı” layihəsi ilə də əlaqələndirilir. Bütün mərhələlərin 2028-ci ilə qədər tamamlanması nəzərdə tutulur.