Rumıniya Rusiyanın Konstansadakı konsulluğunu bağlayır

Rumıniya Qalați şəhərində Rusiya dronunun yaşayış binasına düşməsindən sonra Rusiyanın Konstansadakı Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non qrata” elan etmək qərarı verib.

23

Rumıniya Rusiyanın Konstansa şəhərindəki Baş Konsulluğunun bağlanması barədə qərar qəbul edib. Rusiyanın Konstansadakı baş konsulu Andrey Kosilin isə “persona non qrata” elan olunub.

“Agerpres” xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Ali Milli Müdafiə Şurasının iclasından sonra açıqlama verib. Qərar Qalați şəhərində Rusiya dronunun yaşayış binasına düşməsi ilə bağlı insidentdən sonra qəbul edilib.

Rumıniya tərəfi hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Prezident Dan bildirib ki, ötən gecə baş verən insident nəticəsində iki Rumıniya vətəndaşı xəsarət alıb və bu hadisə ölkənin təhlükəsizliyi baxımından ciddi pozuntu kimi qiymətləndirilir.

“Reuters” yazır ki, Rumıniya Müdafiə Nazirliyi dronun ölkənin hava məkanına daxil olduğunu və radarlar vasitəsilə Qalați şəhərinin cənub hissəsinə qədər izlənildiyini bildirib. Dron yaşayış binasının damına düşdükdən sonra partlayış və yanğın baş verib. Hadisə nəticəsində bir qadın və bir uşaq xəsarət alıb.

Rumıniya hadisədən sonra Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Bundan əlavə, Konstansadakı Rusiya Baş Konsulluğunun bağlanması və baş konsulun ölkədən çıxarılması qərara alınıb.

Rusiya tərəfi isə ittihamları rədd edib və cavab tədbirləri görəcəyini açıqlayıb. “RBC” Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən yazır ki, Moskvanın cavabı “özünü çox gözlətməyəcək”. Zaxarova Rumıniyanın qərarını əsassız hesab etdiklərini bildirib.

“Associated Press” qeyd edir ki, Qalați hadisəsi Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rumıniya ərazisində qeydə alınan ən ciddi dron insidentlərindən biri hesab olunur. NATO üzvü olan Rumıniyada yaşayış binasına zərər dəyməsi və mülki şəxslərin xəsarət alması alyansın şərq cinahında təhlükəsizlik narahatlıqlarını daha da artırıb.

NATO baş katibi Mark Rutte Rumıniya ilə həmrəy olduqlarını və alyansın bütün müttəfiq ərazilərini müdafiə etməyə hazır olduğunu bildirib. Rumıniya isə NATO-dan dronlara qarşı müdafiə imkanlarının gücləndirilməsini istəyib.