Rusiya Ermənistanda seçkilərə təsir etməyə çalışır

“Reuters” Qərb rəsmilərinə istinadən yazır ki, Rusiya Ermənistanda iyunun 7-də keçiriləcək seçkilər öncəsi Paşinyanın yenidən seçilməsinə mane olmaq üçün gizli təsir kampaniyasını gücləndirib.

21

Rusiya hakimiyyətinin Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi baş nazir Nikol Paşinyanın yenidən seçilməsinin qarşısını almaq üçün gizli təsir mexanizmlərini aktivləşdirdiyi iddia olunur.

Reuters” Qərb kəşfiyyat və hökumət rəsmilərinə istinadən yazır ki, Moskvanın planlarına Paşinyan hökumətinə qarşı dezinformasiya kampaniyaları, hazırkı hakimiyyəti hədəfə alan internet resurslarının yaradılması, prorusiya namizədlərinin dəstəklənməsi və Rusiyada yaşayan on minlərlə erməninin səsverməyə təsir göstərmək üçün Ermənistana gətirilməsi sxemi daxildir.

Agentliyin məlumatına görə, Rusiya rəsmiləri son aylarda Rusiyada yaşayan ermənilərin Paşinyanın rəqiblərinə səs verməsi üçün Ermənistana daşınması variantını müzakirə ediblər. Mənbələrdən üçü “Reuters”ə bildirib ki, 100 min seçicinin daşınması üçün təxminən 50 milyon dollar xərc hesablanıb. Bununla belə, agentlik bu planın hazırda icra olunub-olunmadığını və nəticəyə təsir edə biləcək miqyasda olub-olmadığını müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edir.

“Reuters”in yazdığına görə, Moskvanın əsas narahatlığı Ermənistanın Qərbə doğru siyasi kursunun möhkəmlənməsidir. Paşinyan son illərdə Avropa İttifaqı və ABŞ-la əlaqələri genişləndirib, Ermənistan isə 2024-cü ildə Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokunda iştirakını dayandırıb. Moskva isə bu xətti öz regional təsirinə təhlükə kimi qiymətləndirir.

Mənbələrin iddiasına görə, Kremlin dəstəklədiyi əsas fiqurlardan biri rusiyalı-erməni milyarder Samvel Karapetyandır. O, Ermənistanda hakimiyyətin devrilməsinə çağırış etməkdə ittiham olunur, lakin ittihamları rədd edir. Karapetyanın vəkili “Reuters”ə bildirib ki, müvəkkilinin Rusiya dəstəyi barədə məlumatı yoxdur.

Agentlik həmçinin Rusiya ilə əlaqəli strukturların Paşinyan hökumətinə qarşı internet kampaniyalarını gücləndirdiyini yazır. Sənədlərdə Rusiya erməni diasporasına yönəlmiş “Yerevan1” adlı media layihəsinin yaradılması təklif olunur. Layihənin əsas mesajlarından birinin “Ermənistan yalnız Rusiya ilə yaxın ittifaqda inkişaf edə bilər” ideyası olduğu bildirilir.

Reuters”in digər materialında qeyd olunur ki, Moskva seçki öncəsi Ermənistan üzərində iqtisadi təzyiqi də artırıb. Rusiya son günlər Ermənistanın bəzi kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib və Yerevanın Avropa İttifaqına yaxınlaşacağı təqdirdə ucuz neft, qaz və xam almaz tədarükünü dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyi isə “Reuters”in məlumatlarını təkzib edib. Nazirlik agentliyin sorğusuna cavabında bu iddiaları “yalan bəyanatlar” və “anti-Rusiya ritorikası” adlandırıb. Ermənistan hökumətinin kommunikasiya departamenti konkret iddiaları şərh etməyib, lakin dezinformasiya ilə mübarizə və azad, şəffaf seçkilərin təmin edilməsi üçün tədbirlər görüldüyünü bildirib.

İyunun 7-də keçiriləcək parlament seçkiləri Ermənistanın xarici siyasi kursu baxımından həlledici mərhələ sayılır. “Reuters” yazır ki, seçkidə Paşinyanın Qərblə yaxınlaşma xətti ilə çıxış edən “Vətəndaş Müqaviləsi” partiyası prorusiya yönümlü müxalif qüvvələrlə rəqabət aparacaq.