Kasper Şmeyxel karyerasını başa vurdu

Danimarka millisinin və “Seltik”in qapıçısı Kasper Şmeyxel ciddi çiyin zədəsi səbəbindən peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Danimarka millisinin və “Seltik”in qapıçısı Kasper Şmeyxel peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 39 yaşlı qolkiper bu qərarı uzun müddət davam edən ciddi çiyin zədəsi səbəbindən verib. Şmeyxel bildirib ki, həkimlərlə məsləhətləşmələrdən sonra yüksək səviyyədə futbola qayıtmağın mümkün olmayacağı qənaətinə gəlib. 

Şmeyxelin son klubu Şotlandiyanın “Seltik” komandası olub. O, “Seltik”lə müqaviləsi iyunda başa çatdıqdan sonra aktiv futbolçu karyerasını dayandıracağını bildirib. “Sky Sports”-un yazdığına görə, danimarkalı qapıçı zədə səbəbindən iki əməliyyat keçirməli olub və bərpa prosesinin uzun çəkəcəyi gözlənilirdi.

Şmeyxel ən çox “Lester Siti”dəki tarixi uğuru ilə yadda qalıb. O, 2015/2016 mövsümündə “Lester”in İngiltərə Premyer Liqasını qazanmasında əsas fiqurlardan biri olub. Qolkiper “Lester”lə Premyer Liqa çempionluğu ilə yanaşı, İngiltərə Kuboku və “Community Shield” titullarını da qazanıb.

Danimarka millisində də uzun illər əsas qapıçı olan Şmeyxel 120 oyun keçirib. O, 2018 və 2022-ci il dünya çempionatlarında, həmçinin Avro-2020-də çıxış edib. Danimarka millisi ilə Avro-2020-də yarımfinala qədər irəliləmək onun beynəlxalq karyerasının ən yaddaqalan məqamlarından biri olub.

Şmeyxel vida açıqlamasında karyerasını meydanda başa vurmaq istədiyini, lakin zədənin buna imkan vermədiyini bildirib. O, futbolun ona dostluqlar, unudulmaz anlar və böyük qürur bəxş etdiyini vurğulayıb.