Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı məhkəmə iclası zamanı xüsusi xidmət orqanlarının internet trafikini analiz etməklə istifadəçinin hansı tətbiqlərdən, o cümlədən “Telegram”-dan istifadə etdiyini müəyyənləşdirə bildiyini deyib. Bu barədə Rusiyanın müstəqil “Vyorstka” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, FSB nümayəndəsi bildirib ki, məhkəmə sanksiyası olduğu halda messencer loqinini və trafikin hansı tətbiqlərə yönəldiyini müəyyən etmək mümkündür.
FSB əməkdaşının sözlərinə görə, internet trafiki əsasında istifadəçinin “VKontakte”, “Odnoklassniki”, “Telegram”, “WhatsApp” və digər tətbiqlərdən istifadə edib-etmədiyini görmək mümkündür. Eyni zamanda o etiraf edib ki, “Telegram” xarici messencer olduğu üçün konkret IP ünvanları və geolokasiya məlumatlarının əldə edilməsi “problemli” ola bilər.
Məsələ Rusiyada internet paylaşımına görə cərimələnən qadının işi zamanı gündəmə gəlib. “Dojd TV” yazır ki, məhkəmə nifrət və ya düşmənçiliyin qızışdırılması maddəsi üzrə cərimələnmiş Rusiya vətəndaşının şikayətinə baxıb. Qadın birbaşa sübutların — IP ünvanlarının və ya “Telegram” hesabının şəxsiyyəti ilə əlaqələndirilməsinin olmadığını əsas gətirərək qərarı mübahisələndirməyə çalışıb.
Bu açıqlama FSB-nin “Telegram” fəaliyyətinin internet trafiki üzərindən izlənə biləcəyini ilk dəfə belə açıq formada etiraf etməsi kimi qiymətləndirilir. Bununla belə, texniki baxımdan söhbət mesajların məzmununun oxunmasından yox, trafik metadatasının — yəni istifadəçinin hansı servisə qoşulduğu, aktivlik vaxtı və əlaqə xarakterinin təhlilindən gedir. Daha əvvəl “Meduza” da ekspertlərə istinadən yazmışdı ki, “Telegram” trafiki üzərində analiz istifadəçinin hərəkətləri və cihaz identifikatorları arasında əlaqə qurmaq üçün istifadə oluna bilər.
Rusiyada messencerlərə və internet üzərindən anonim fəaliyyətə nəzarət son illərdə daha da güclənib. “Vyorstka” daha əvvəl yazırdı ki, Rusiya hakimiyyəti istifadəçilərin internet fəaliyyətini izləmək üçün texniki və hüquqi mexanizmləri genişləndirir, anonimlik isə getdikcə daha çox məhdudlaşdırılır.