İranın Qum və İsfahan şəhərlərində partlayışlar barədə xəbərlər gəlir

İran və İsrail mediası Qum və İsfahanda partlayışlar barədə məlumat yayıb. Eyni zamanda SEPAH-ın Oman körfəzində ABŞ gəmilərinə gəmiəleyhinə raketlər buraxdığı iddia olunur.

İran və İsrail mediası İranın Qum və İsfahan şəhərlərində partlayış səslərinin eşidildiyi barədə məlumat yayıb. İlkin xəbərlərə görə, partlayışların xarakteri, onların hava hücumu, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti, yoxsa daxili texniki insidentlə bağlı olub-olmadığı hələlik dəqiqləşdirilir.

Son günlərdə ABŞ qüvvələrinin İranın cənubunda bəzi hərbi hədəflərə zərbələr endirdiyi təsdiqlənib. “Reuters”-in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı mayın 25-də İranın mina yerləşdirməkdə şübhəli bilinən katerlərinə və raket buraxılış məntəqələrinə “özünümüdafiə zərbələri” endirdiyini açıqlayıb.

Bundan əlavə, SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən Oman körfəzindəki ABŞ hərbi gəmilərinə qarşı gəmiəleyhinə raketlərin buraxıldığı da bildirilir. Lakin bu məlumatla bağlı ABŞ tərəfinin son insident üzrə rəsmi təsdiqi hələlik yoxdur. ABŞ Mərkəzi Komandanlığı daha əvvəl — mayın 7-də İran qüvvələrinin Hörmüz boğazından Oman körfəzinə keçən ABŞ esmineslərinə raket, PUA və kiçik katerlərlə hücum etdiyini, lakin heç bir ABŞ gəmisinin vurulmadığını bildirmişdi.

Son insidentlər ABŞ və İran arasında kövrək atəşkəs və Hörmüz boğazı ətrafında diplomatik danışıqlar fonunda baş verir. “The Guardian” yazır ki, Vaşinqton və Tehran Hörmüz boğazının açılması və daha geniş razılaşma üzrə danışıqları davam etdirir, lakin tərəflər arasında ciddi fikir ayrılıqları qalır.