Rusiya-Ermənistanlı iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Azərbaycana qarşı təhdid xarakterli bəyanatla çıxış edib. Karapetyan Ermənistanda hakimiyyətə gələcəyi təqdirdə “Azərbaycanın problemlərini artırmaq üçün öz əlaqələrindən istifadə edəcəyini” bildirib.
Məlumata əsasən, Karapetyan bu fikirləri evinin həyətində tərəfdarları və seçiciləri ilə keçirilən görüş zamanı səsləndirib. O, həmçinin Ermənistan hakimiyyətinin keçmiş separatçı qurumun rəhbərlərinin saxlanılması məsələsində rol oynaya biləcəyini iddia edib.
Qeyd edək ki, Karapetyan hazırda ev dustaqlığı şəraitində saxlanılır. “Azatutyun”un məlumatına görə, Ermənistan məhkəməsi apreldə onun ev dustaqlığı müddətini daha 3 ay uzadıb, lakin ona müsahibə verməyə icazə verib. Karapetyan Ermənistan hakimiyyəti tərəfindən hakimiyyəti ələ keçirməyə açıq çağırış etmək və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunur. Onun tərəfi isə ittihamları siyasi motivli hesab edir.
Karapetyan son aylarda Bakı ilə İrəvan arasında normallaşma və sülh prosesini tənqid edən açıqlamaları ilə gündəmə gəlir. Daha əvvəl o, Ermənistanın hazırkı sülh gündəmini “Azərbaycanın gündəmi” adlandırmış, baş nazir Nikol Paşinyanın yenidən seçiləcəyi halda Azərbaycana güzəştlərin artacağını iddia etmişdi.
Karapetyanın son bəyanatı Ermənistan müxalifətinin bir hissəsinin Azərbaycanla sülh prosesinə qarşı sərt mövqeyinin davam etdiyini göstərir. Ekspertlərə görə, bu cür açıqlamalar regionda davam edən normallaşma cəhdləri fonunda siyasi ritorikanı daha da gərginləşdirə bilər.