Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki Baş Konsulluğunun konsulu Ramil Rza oğlu İmranov yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yayımladığı paylaşımda bildirilib.
XİN-in məlumatına görə, hadisə Culfa–Təbriz avtomobil yolunda, Marand yaşayış məntəqəsi yaxınlığında baş verib. Ramil İmranov xidməti vəzifəsini yerinə yetirərkən idarə etdiyi avtomobillə qəzaya düşüb.
Nazirlik mərhum diplomatın ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verib. XİN-in açıqlamasında “Hörmətli həmkarımız, diplomatımız Ramil Rza oğlu İmranovun vəfatı xəbəri bizi dərindən sarsıtdı” ifadəsi yer alıb.
Qeyd edək ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərini əhatə edən konsulluq dairəsi üzrə fəaliyyət göstərir.