ABŞ-ın “Axios” nəşrinin Yaxın Şərq üzrə tanınmış müxbiri Barak Ravid son aylarda Vaşinqton, Təl-Əviv və Tehran xətti üzrə yaydığı eksklüziv məlumatlarla yenidən diqqət mərkəzinə düşüb. Ravid “Axios”un rəsmi təqdimatında xarici siyasət və 2024-cü il seçkilərini işıqlandıran siyasi müxbir və Yaxın Şərq eksperti, həmçinin “Trump’s Peace” kitabının müəllifi kimi göstərilir.
Ravidin peşəkar keçmişi də müzakirələrə səbəb olur. “Vanity Fair” yazır ki, o, İsrail ordusunda altı il xidmət edib və İsrailin əsas radioelektron kəşfiyyat strukturu sayılan “8200″ saylı bölmədə zabit olub. Eyni materialda bildirilir ki, Ravid jurnalist olduqdan sonra ehtiyat xidmətinin təbii fəlakətlərə hazırlıqla məşğul olan bölməyə keçirildiyini deyib və “İsrail casusu” olması barədə iddiaları rədd edib.
Mübahisələrin əsas hissəsi onun ABŞ-İran danışıqları barədə materialları ətrafında formalaşıb. Mayın 6-da “Axios” Ravidin imzası ilə ABŞ və İranın müharibəni dayandırmağa yönəlmiş bir səhifəlik, 14 bəndlik anlaşma memorandumuna yaxınlaşdığını yazıb. “Reuters” həmin materiala istinadən bildirmişdi ki, sənəd müharibənin başa çatmasını, 30 günlük danışıqlar mərhələsini, İranın nüvə proqramının məhdudlaşdırılmasını, ABŞ sanksiyalarının yumşaldılmasını və Hörmüz boğazı ətrafında məhdudiyyətlərin mərhələli aradan qaldırılmasını nəzərdə tuta bilərdi. Bununla belə, “Reuters” həmin vaxt bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilmədiyini də qeyd etmişdi.
Bu xəbərdən sonra neft bazarında baş verən hərəkətlər ayrıca diqqət doğurub. “Business Insider” bazar müşahidəçilərinə istinadən yazır ki, “Axios”un ABŞ-İran anlaşması barədə materialından təxminən 70 dəqiqə əvvəl xam neft üzrə təxminən 920 milyon dollar nominal dəyərində iri “short” mövqeyi açılıb. Materiala görə, “Axios” xəbəri yayılandan sonra neft qiymətləri kəskin ucuzlaşıb və həmin mövqe üzrə potensial qazanc təxminən 125 milyon dollar ola bilərdi.
“Seeking Alpha” da həmin ticarət əməliyyatını “böyük neft shortu” kimi təqdim edərək, onun mühüm diplomatik xəbərdən əvvəl baş verməsinin bazar iştirakçıları arasında suallar yaratdığını yazıb.
Bəzi tənqidçilər bu ardıcıllığı “idarə olunan informasiya sızmaları”, “bazar manipulyasiyası” və “informasiya-psixoloji əməliyyat” kimi şərh edirlər. Bir sıra analitiklər və sosial media istifadəçiləri “Axios”un İranla bağlı məlumatlarının bazar sentimentinə təsir göstərə biləcəyini müzakirə ediblər. Lakin hazırda Ravidin, “Axios”un və ya onların mənbələrinin bu ticarət əməliyyatları ilə əlaqəsini sübut edən rəsmi istintaq nəticəsi yoxdur.