Avropa Parlamentində Azərbaycana qarşı siyasət tənqid olundu

Avropa Parlamentinin plenar iclasında bir qrup deputat qurumun Azərbaycana qarşı siyasətini tənqid edib. Deputatlar Bakı ilə münasibətlərdə böhranın Avropa Parlamentinin yanaşması ilə bağlı olduğunu bildiriblər.

Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında bir qrup deputat qurumun Azərbaycanla bağlı mövqeyini tənqid edib. İclasın sonunda Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırması və “Euronest” Parlament Assambleyasından çıxmaq qərarı gündəliyə gətirilib. Avropa Parlamentinin “Euronest”dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb. 

Müzakirələr zamanı bir sıra deputatlar hesab ediblər ki, Bakı ilə münasibətlərdə yaranmış böhranın səbəblərindən biri Avropa Parlamentinin öz yanaşmasıdır. Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan Kristian Terheş bildirib ki, Avropa Parlamenti Ermənistanla bağlı qəbul edilmiş qətnaməni Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sülh sazişinə yaxınlaşdığı bir vaxtda bu cür addımlar siyasi baxımdan uzaqgörən deyil.

Terheş Avropa Parlamentinin xarici siyasət üslubunu da sərt tənqid edib. O qeyd edib ki, “daimi moralizatorluq” və ideoloji qınama xarici siyasət deyil, “geosiyasi intihar”dır. Deputatın fikrincə, bu yanaşma artıq Gürcüstan və digər ölkələrin Avropa İttifaqından uzaqlaşmasına səbəb olur. Terheş Azərbaycanı Avropanın enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları üçün mühüm tərəfdaş adlandırıb.

“Patriots for Europe” qrupunun deputatı Anjelin Füre isə Azərbaycanın “Euronest”dən çıxmaq qərarını sadəcə prosedur addımı yox, Avropanın regiondakı siyasətinin uğursuzluğu kimi qiymətləndirib. O bildirib ki, Avropa bir tərəfdən Bakı ilə enerji əməkdaşlığını qorumağa çalışıb, digər tərəfdən isə Azərbaycana qarşı siyasi təzyiq xəttini davam etdirib. Fürenin fikrincə, bu yanaşma nə humanitar məqsədlərə, nə də Azərbaycanla münasibətlərin yaxşılaşmasına xidmət edib.

Fransalı deputat Tyerri Mariani də Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa Parlamenti bu mərhələdə “odun üstünə yağ tökən” qətnamələr qəbul etmək əvəzinə, regionda aparılan danışıqları dəstəkləməlidir. Mariani bildirib ki, Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, lakin öz qanuni narahatlıqları səbəbindən qapını bağladı.

Avroparlamentari Tomas Frölih isə Azərbaycanla bağlı böhranı Aİ-nin xarici siyasətindəki daha geniş problemlərin nümunəsi kimi təqdim edib. O bildirib ki, Bakı Avropa Parlamentinin “mənəvi qiymətləndirmələrindən” yorulub və Azərbaycanla bu cür ünsiyyətin davam etməsi Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə vura bilər.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi mayın 1-də Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması barədə qərar qəbul edib. Qərara əsasən, Milli Məclisin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirakı dayandırılıb, “Euronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi üzrə prosedurların başlanmasına qərar verilib.

Avropa Parlamentinin rəhbər şəxsləri isə mayın 5-də yaydıqları birgə bəyanatda Milli Məclisin qərarından təəssüfləndiklərini bildiriblər. Bəyanatda Azərbaycanın qərarı “açıqlıq və konstruktiv dialoq ruhuna zidd” adlandırılıb və Avropa Parlamentinin bütün səviyyələrdə dialoqa hazır olduğu qeyd edilib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.