ABŞ və İran saziş layihəsini yekunlaşdırıb

“Al Arabiya”nın məlumatına görə, ABŞ və İran Pakistanın vasitəçiliyi ilə saziş layihəsinin yekun variantını tamamlayıb. Sənəd atəşkəs, gəmiçilik azadlığı və sanksiyaların mərhələli ləğvini nəzərdə tutur.

ABŞ və İran Pakistanın vasitəçiliyi ilə saziş layihəsinin yekun variantını razılaşdırıb. Bu barədə “Al Arabiya” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, sənədin yaxın saatlarda elan olunması mümkündür. Məlumata görə, Pakistan ordusunun rəhbəri razılaşmanın yekun versiyasını elan etmək üçün İrana səfər edə bilər. 

İlkin məlumata əsasən, layihə bütün cəbhələrdə dərhal və genişmiqyaslı atəşkəsin elan edilməsini, tərəflərin hərbi, mülki və iqtisadi infrastrukturu hədəfə almaqdan imtina etməsini nəzərdə tutur. Sənəddə həmçinin Fars körfəzi, Hörmüz boğazı və Oman dənizində gəmiçilik azadlığının təmin olunması, bunun üçün birgə monitorinq və mübahisələrin həlli mexanizminin yaradılması da yer alır.

Layihənin digər mühüm bəndi ABŞ sanksiyalarının mərhələli şəkildə ləğvi ilə bağlıdır. “Al Arabiya”ya istinadən yayılan məlumata görə, sanksiyaların yumşaldılması İranın saziş şərtlərinə əməl etməsi müqabilində həyata keçirilməlidir. Tərəflər arasında qalan mübahisəli məsələlər üzrə danışıqların isə razılaşma elan edildikdən sonra ən gec yeddi gün ərzində başlanması nəzərdə tutulur.

Bununla belə, razılaşma barədə hələlik Vaşinqton və Tehran tərəfindən rəsmi təsdiq verilməyib.

“Al Arabiya”nın son məlumatı təsdiqlənərsə, bu, ABŞ-İran qarşıdurmasının diplomatik yolla yumşaldılması istiqamətində ən ciddi irəliləyişlərdən biri ola bilər. Razılaşmanın rəsmi elan edilməsi həm regionda təhlükəsizlik gərginliyinin azalmasına, həm də Fars körfəzi və Hörmüz boğazında enerji daşımalarının sabitləşməsinə təsir göstərə bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.