Türkiyədə Ankara apellyasiya məhkəməsi Cümhuriyyət Xalq Partiyasının — CHP-nin 2023-cü ildə keçirilmiş qurultayının nəticələrini ləğv edib. Qərara əsasən, Özgür Özəl və partiyanın hazırkı rəhbər heyəti vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb, keçmiş sədr Kemal Kılıçdaroğlu və onun əvvəlki rəhbər heyətinin partiya idarəçiliyinə qaytarılması nəzərdə tutulub.
MSNews.az “Associated Press”-ə istinadən xəbər verir.
Məhkəmə qərarı Türkiyə siyasətində ciddi rezonans doğurub. “Mutlak butlan” kimi təqdim edilən qərar CHP-nin 2023-cü il qurultayını hüquqi baxımdan etibarsız sayır. Həmin qurultayda Özgür Özəl Kemal Kılıçdaroğlunu geridə qoyaraq partiyanın sədri seçilmişdi.
Nəşr yazır ki, qərar daha əvvəl aşağı instansiya məhkəməsinin qurultayla bağlı pozuntu aşkar etməməsi barədə mövqeyini dəyişib. Yeni qərarla Özəl və CHP rəhbərliyi müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb. CHP-nin qərardan Türkiyə Ali Məhkəməsinə şikayət verməyə hazırlaşdığı bildirilir.
Qərardan sonra CHP daxilində siyasi gərginlik artıb. Türkiyə mediasında yayılan məlumatlara görə, Özgür Özəl rəhbərliyi partiya nümayəndələrini CHP qərargahına çağırıb. Kılıçdaroğlu isə tərəfdarlarına sakitlik çağırışı edərək partiyanın siyasi mübarizəsini davam etdirəcəyini bildirib.
Xarici media bu prosesi prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqiblərinə qarşı siyasi və hüquqi təzyiq dalğasının davamı kimi qiymətləndirir. Türkiyə hökuməti isə məhkəmələrin müstəqil olduğunu bildirir.
Məhkəmə qərarı maliyyə bazarlarında da reaksiya doğurub. “Financial Times” yazır ki, qərardan sonra Türkiyə səhmləri 6 faizdən çox ucuzlaşıb, lirə isə ilkin enişdən sonra yenidən sabitləşib.