“Arsenal” Artetaya böyük maaş artımı təklif edəcək

“Arsenal” Premyer Liqa çempionluğundan sonra Mikel Artetaya yeni müqavilə və ciddi maaş artımı təklif etməyə hazırlaşır. İspaniyalı mütəxəssis dünyanın ən çox qazanan məşqçilərindən birinə çevrilə bilər.

Londonun “Arsenal” klubu baş məşqçi Mikel Artetaya yeni və daha yüksək maaşlı müqavilə təklif etməyə hazırlaşır. “The Guardian”ın məlumatına görə, Premyer Liqa çempionluğundan sonra klub rəhbərliyi ispaniyalı mütəxəssisin əməkhaqqını ciddi şəkildə artırmaq və onu dünyanın ən çox qazanan məşqçilərindən birinə çevirmək niyyətindədir. 

Artetanın hazırkı müqaviləsinin mövsümə təxminən 10 milyon funt sterlinq dəyərində olduğu, Çempionlar Liqasına vəsiqə kimi uğurlara görə əlavə bonusların da nəzərdə tutulduğu bildirilir. Yeni anlaşma isə onun maaşını daha yüksək səviyyəyə qaldıra bilər. Bəzi mənbələr Artetanın yeni maaşının “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeonenin qazancına yaxınlaşa biləcəyini ehtimal edir. Simeone hazırda illik təxminən 30 milyon avro qazancı ilə dünyanın ən yüksək maaş alan məşqçilərindən sayılır.

“Arsenal”ın bu addımı Artetanın komandanı 22 ildən sonra ilk dəfə İngiltərə çempionluğuna daşımasından sonra gündəmə gəlib. İspaniyalı məşqçi “topçular”ı 2003/04 mövsümündən bəri ilk Premyer Liqa tituluna apararaq Pep Qvardiolanın kölgəsindən çıxdığını və Avropa futbolunun ən nüfuzlu mütəxəssislərindən birinə çevrildiyini sübut edib.

Arteta 2019-cu ilin dekabrından “Arsenal”a rəhbərlik edir. Onun dövründə komanda mərhələli şəkildə yenidən qurulub, müdafiə dayanıqlığı, yüksək pressinq, standart vəziyyətlərdən effektiv istifadə və gənc oyunçuların inkişafı klubun əsas güclü tərəflərinə çevrilib. Arteta “Arsenal”da həm taktiki sistemi, həm də komanda mentalitetini ciddi şəkildə dəyişib.

Yeni müqavilə imzalanacağı halda, Arteta təkcə Premyer Liqanın deyil, ümumilikdə dünya futbolunun ən yüksək maaş alan məşqçiləri sırasında yer ala bilər. Klub rəhbərliyi bununla həm onun son illərdə gördüyü işi mükafatlandırmaq, həm də uzunmüddətli layihəyə bağlılığını qorumaq istəyir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.