Uqandada “Arsenal” azarkeşləri London klubunun 22 ildən sonra İngiltərə Premyer Liqasında çempionluğunu qeyri-adi şəkildə qeyd ediblər. Sosial şəbəkələrdə və futbol fan səhifələrində yayılan məlumatlara görə, azarkeşlər “Arteta” ləqəbi verilən keçini klub formasına geyindirərək şəhər küçələrində yürüş ediblər.
Görüntülərdə “Arsenal” forması geyinmiş fanatların küçələrdə mahnılar oxuduğu, komandanın baş məşqçisi Mikel Artetanın şərəfinə adlandırıldığı bildirilən keçini isə bayram yürüşünün simvoluna çevirdikləri görünür. Hadisə sosial şəbəkələrdə “Arsenal” azarkeşlərinin çempionluq sevincinin ən maraqlı görüntülərindən biri kimi yayılıb.
“Arsenal” mayın 19-da “Mançester Siti”nin “Bornmut”la 1:1 hesablı heç-heçəsindən sonra Premyer Liqa çempionluğunu rəsmiləşdirib. London klubu bununla 22 illik fasilədən sonra İngiltərə çempionu olub. Bu, “Arsenal”ın tarixində 14-cü ölkə çempionluğudur.
Mikel Artetanın komandası mövsüm ərzində uzun müddət liderliyini qoruyub və son tura bir oyun qalmış ən yaxın izləyicisi “Mançester Siti” üçün əlçatmaz olub. Uqandadakı azarkeşlərin bayramı isə klubun qlobal fan bazasının çempionluğa necə emosional reaksiya verdiyini göstərən rəngli epizodlardan biri kimi diqqət çəkib.