Rubl dünyanın ən güclü valyutası oldu

“Bloomberg”in məlumatına görə, Rusiya rublu bu rübdə dollar qarşısında təxminən 12 faiz bahalaşaraq dünyanın ən yaxşı nəticə göstərən valyutasına çevrilib.

110

Rusiya rublu bu rübdə ABŞ dolları qarşısında dünyanın ən yaxşı nəticə göstərən valyutası olub. “Bloomberg”in məlumatına görə, rubl aprelin əvvəlindən bəri təxminən 12 faiz bahalaşaraq 1 dollar üçün 72,6 rubl səviyyəsinə çatıb. Bu, 2023-cü ilin fevralından bəri Rusiya valyutasının ən güclü göstəricisi hesab olunur. 

Məlumata əsasən, rublun möhkəmlənməsinin əsas səbəblərindən biri Yaxın Şərqdə müharibə fonunda neft qiymətlərinin artması və Rusiyanın enerji ixracından əldə etdiyi xarici valyuta gəlirlərinin yüksəlməsidir. “Bloomberg” yazır ki, müharibə başlayandan sonra neft satışlarından daxilolmalar artıb və bu, Rusiya valyutasına əlavə dəstək verib.

“Reuters” də Moskva birjası və LSEG məlumatlarına istinadən yazır ki, rubl mayın 19-da dollar qarşısında 72 səviyyəsindən aşağı möhkəmlənib və bu, 2023-cü ilin martından bəri ilk belə haldır. Agentliyin məlumatına görə, rubl aprelin 1-dən bəri dollar qarşısında 12 faiz, Çin yuanı qarşısında isə 11 faiz bahalaşıb.

Rublun möhkəmlənməsinə yüksək neft qiymətləri ilə yanaşı, Rusiya ixracatçılarının xarici valyuta satışlarının artması, yüksək daxili faiz dərəcələri və idxala tələbatın zəif olması da təsir göstərir. “Bloomberg”-in məlumatına görə, Rusiyanın iri ixracatçılarının xalis xarici valyuta satışı apreldə üç dəfə artaraq 7,3 milyard dollara çatıb.

Bununla belə, güclü rubl Rusiya iqtisadiyyatı üçün yalnız müsbət amil sayılmır. Analitiklərin fikrincə, milli valyutanın bahalaşması inflyasiya təzyiqini azalda bilər, lakin eyni zamanda ixracatçıların gəlirlərini və dövlət büdcəsinə daxilolmaları zəiflədir. “Reuters” yazır ki, bir çox Rusiya şirkətləri hökumət və Mərkəzi Bankı rublun həddindən artıq möhkəmlənməsinin qarşısını almağa çağırır. (Reuters)

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.