Rusiyalı gimnastlara bayraq və himnlə yarışmağa icazə verildi

Beynəlxalq Gimnastika Federasiyasının rusiyalı gimnastların beynəlxalq yarışlarda Rusiya bayrağı və himni ilə çıxışına icazə verdiyi bildirilir.

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi rusiyalı gimnastların beynəlxalq yarışlarda Rusiya bayrağı və himni ilə çıxışına icazə verib. Rusiya Gimnastika Federasiyasının məlumatına istinad edən URA.RU yazır ki, qərar 2026-cı il mayın 17-də FIG İcraiyyə Komitəsinin Misirin Şarm əl-Şeyx şəhərində keçirilən iclasında qəbul olunub. 

Məlumata görə, qərar Rusiya Gimnastika Federasiyasına daxil olan beş idman növünü əhatə edir: idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, idman akrobatikası və idman aerobikası. İlk rusiyalı gimnastların milli simvollarla Bolqarıstan və Azərbaycanda keçiriləcək Dünya Kuboku mərhələlərində çıxış edəcəyi bildirilir. Həmin yarışların 29–31 may, 5–7 iyun və 19–21 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

Bu qərar BGF-nın əvvəlki neytral status rejimindən ciddi dönüş kimi qiymətləndirilir. Federasiyanın daha əvvəl qüvvədə olan qaydalarına əsasən, Rusiya və Belarus idmançıları yarışlarda yalnız “Individual Neutral Athletes” — fərdi neytral idmançı statusu ilə çıxış edə bilirdilər. Həmin qaydalarda Rusiya və Belarus bayraqlarının BGF-nin nəzarət etdiyi rəsmi məkanlarda nümayişi qadağan edilir, zərurət olduqda isə neytral açıq mavi bayraqdan istifadə nəzərdə tutulurdu.

Əvvəlki qaydalara əsasən, Rusiya və Belarus himnlərinin BGF yarışlarında, medal mərasimlərində və digər rəsmi tədbirlərdə səsləndirilməsi də qadağan idi. Neytral idmançılar üçün BGF tərəfindən müəyyən edilən neytral musiqinin istifadə olunması nəzərdə tutulurdu.

Qərar beynəlxalq idmanda Rusiya və Belarus idmançılarının reinteqrasiyası ilə bağlı daha geniş müzakirələr fonunda qəbul edilib. Beynəlxalq Olimpiya Komitəsi daha əvvəl idman federasiyalarına Rusiya və Belarusdan olan gənc idmançıların beynəlxalq yarışlarda milli bayraq və himnlə iştirakına icazə verilməsini tövsiyə etmişdi. Bununla belə, hər bir beynəlxalq federasiya bu tövsiyənin tətbiq formatını özü müəyyən etməlidir.