Bakıda WUF13-ün ikinci günü işə başlayıb

Bakıda WUF13-ün ikinci günü işə başlayıb. Bu gün WUF tarixində ilk dəfə Liderlər Sammiti keçiriləcək, rəsmi açılış mətbuat konfransı və bir sıra yüksək səviyyəli sessiyalar baş tutacaq.

1

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının — WUF13-ün ikinci günü işə başlayıb. Forumun bugünkü proqramında ilk dəfə olaraq Liderlər Sammitinin keçirilməsi nəzərdə tutulur. Bu, WUF tarixində yeni format kimi təqdim olunur.

Forumun ikinci günündə həmçinin rəsmi açılış mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri və şəhərlərin dayanıqlığının gücləndirilməsi ilə bağlı əsas prioritetlərin müzakirəsi planlaşdırılır.

Gün ərzində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu üzrə nazirlər görüşü, eləcə də MINURVI — Latın Amerikası və Karib hövzəsi üzrə mənzil və urbanizasiya nazirləri və yüksək səviyyəli rəsmilər forumunun sessiyası da baş tutacaq. WUF13-ün rəsmi proqramında mayın 18-i üçün “Joint Closing of the Assemblies”, “WUF13 Official Opening Press Conference” və “Leaders’ Statements at WUF13” kimi əsas tədbirlər qeyd olunub.

WUF13-ün əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Forumun rəsmi saytında qeyd olunur ki, tədbir qlobal mənzil çağırışlarını ön plana çıxarır və mənzilin inklüzivlik, dayanıqlılıq və davamlı inkişaf baxımından rolunu müzakirəyə çıxarır.

Xatırladaq ki, mayın 17–22-də Bakıda keçirilən WUF13-ə 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Forum ətrafında artan beynəlxalq marağı və təhlükəsiz, inklüziv, dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.