Qrizmann “Atletiko” fanatlarından üzr istədi

Antuan Qrizmann “Atletiko” ilə vida mərasimində “Barselona”ya keçidinə görə azarkeşlərdən göz yaşları içində üzr istəyib.

“Atletiko Madrid”in fransalı hücumçusu Antuan Qrizmann klubun azarkeşləri ilə emosional vida mərasimində 2019-cu ildə “Barselona”ya keçidinə görə yenidən üzr istəyib. Futbolçu La Liqada “Jirona”ya qarşı keçirilən və “Atletiko”nun 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra “Metropolitano” stadionunda çıxış edib. Bu matç onun “Atletiko”nun heyətində doğma meydanda son oyunu olub. 

Qrizmann çıxışında azarkeşlərə müraciət edərək “Bilirəm, çoxunuz məni bağışlamısınız, amma bəziləriniz hələ də bağışlamayıb. Buna görə bir daha üzr istəyirəm”, — deyib. O, “Atletiko”da ona göstərilən sevginin böyüklüyünü vaxtında anlamadığını bildirib: “Mən çox gənc idim, səhv etdim. Sonra fikrimi dəyişdim və bura qayıtmaq, yenidən hər şeydən zövq almaq üçün əlimizdən gələni etdik”.

35 yaşlı futbolçu 2019-cu ildə “Atletiko”dan “Barselona”ya keçmiş, daha sonra Madrid klubuna qayıtmışdı. Onun Kataloniya klubuna transferi o dövrdə “Atletiko” azarkeşləri arasında ciddi narazılıq doğurmuşdu. Qrizmann vida çıxışında komanda yoldaşlarına, klub əməkdaşlarına, ailəsinə və baş məşqçi Dieqo Simeoneyə də təşəkkür edib.

Fransalı hücumçu “Atletiko”nun tarixində ən çox qol vuran futbolçudur. O, klubda keçirdiyi illər ərzində 500 oyuna çıxıb və 212 qol vurub. Mövsümün sonunda Qrizmannın ABŞ MLS təmsilçisi “Orlando City” klubuna keçəcəyi bildirilir.