“Barselona”nın polşalı hücumçusu Robert Levandovski klubun heyətində son ev oyununu keçirib. La Liqanın evdəki son matçında Kataloniya təmsilçisi “Real Betis”i 3:1 hesabı ilə məğlub edib, qarşılaşmadan sonra isə “Kamp Nou”da Levandovski üçün emosional vida mərasimi təşkil olunub. “Barselona”nın rəsmi saytında bildirilir ki, polşalı forvard kapitan sarğısı ilə meydana çıxıb və azarkeşlərdən böyük alqış alıb.
Klubun məlumatına görə, Levandovski daha əvvəl mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı. “Real Betis”lə oyun onun “Kamp Nou”dakı son matçı olub. Futbolçu final fitindən sonra azarkeşlərə təşəkkür edib və “Barselona”da keçirdiyi dövrün onun üçün unudulmaz olduğunu bildirib.
Matçın ən təsirli anı ikinci hissənin sonlarında yaşanıb. “AS” nəşrinin yazdığına görə, 83-cü dəqiqədə Levandovski real qol şansı qazansa da, zərbəsi dəqiq alınmayıb. Bundan bir neçə saniyə sonra Hansi Flik onu Mark Kasado ilə əvəz edib. Polşalı hücumçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib, bütün stadion isə onu ayaqüstə alqışlayıb.
“Barselona” matçda qələbəni Rafinhanın dublu və Joao Kanselonun qolu ilə qazanıb. Bu nəticə ilə katalonlar mövsümün ev oyunlarını itkisiz başa vurublar. “FotMob”-un məlumatına görə, “Barselona” 38 oyunluq La Liqa mövsümündə bütün ev matçlarını qazanan ilk komanda olub.
Levandovski 2022-ci ildə “Bavariya”dan “Barselona”ya keçmişdi. O, klubda keçirdiyi dövrdə komandanın yenidən titul mübarizəsinə qayıtmasında əsas fiqurlardan biri hesab olunur. “Barselona”nın rəsmi saytı polşalı futbolçunun kluba çətin dönəmdə gəldiyini və qələbə mentaliteti ilə komandaya mühüm təsir göstərdiyini vurğulayıb.