“Santos”un braziliyalı ulduzu Neymar “Koritiba” ilə oyunda səhv əvəzetmə epizoduna görə hakim briqadasına sərt etiraz edib. Hadisə mayın 17-də Braziliya çempionatının 16-cı turu çərçivəsində “Neo Química Arena”da keçirilən “Santos” – “Koritiba” matçında baş verib. Görüş “Santos”un 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
MSNews.az xəbəri “Veja” nəşrinə istinadən təqdim edir.
İkinci hissədə Neymar sağ baldırında ağrı hiss edib və meydanın kənarında tibbi yardım alıb. Bu zaman dördüncü hakim əvəzetmə lövhəsində Neymarın nömrəsini göstərib. Lakin “Santos” tərəfinin iddiasına görə, əslində meydanı tərk etməli olan futbolçu Neymar yox, 31 nömrəli Eskobar idi.
Epizoddan sonra Neymar hakimlərə etiraz edib və kameralar qarşısında məşqçilər korpusunun əvəzetmə qeydini göstərib. Həmin kağızda meydanı tərk etməli olan futbolçunun 31 nömrəli Eskobar olduğu görünürdü. Braziliya mediası yazır ki, bu səhv “Santos”un ehtiyat oyunçular skamyasında və futbolçular arasında ciddi narazılıq yaradıb.
Buna baxmayaraq, hakim briqadası əvəzetməni qüvvədə saxlayıb və Neymar oyunu tərk etməli olub. “Veja”nın məlumatına görə, futbolçu meydandan çıxarkən hakim qərarından narazılığını yüksək səslə ifadə edib.
Bu oyun Neymar üçün Braziliya millisinin DÇ-2026 heyəti açıqlanmamışdan əvvəl son şanslardan biri kimi qiymətləndirilirdi. Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin yekun siyahını mayın 18-də açıqlayacağı bildirilir.