Türkiyənin keçmiş xarici işlər naziri, AK Parti Antalya millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğlu vəfat edib. Türkiyə mediasının məlumatına görə, o, 12 gün əvvəl Alanyadakı ofisində silahla ağır yaralı vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin müdaxiləsinə baxmayaraq, Aydın Çavuşoğlunun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə mayın 5-i axşam saatlarında Antalya vilayətinin Alanya rayonunda baş verib. Aydın Çavuşoğlu özünə məxsus yanacaqdoldurma məntəqəsinin ofisində silahla ağır yaralı halda aşkarlanıb. O, ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb, əməliyyat olunub və reanimasiya şöbəsində müalicə alırdı.
Türkiyə mediası əvvəlcə hadisəni silahlı hücum kimi təqdim etsə də, Alanya Cumhuriyyət Baş Prokurorluğu daha əvvəl apardığı ilkin araşdırmanın nəticələrinə əsasən, mövcud sübutlar baxımından hadisədə üçüncü şəxsin iştirakına dair məlumat olmadığını bildirmişdi. Bununla belə, hadisə ilə bağlı istintaqın davam etdiyi qeyd olunur.
Aydın Çavuşoğlu Alanyada tanınan iş adamlarından biri idi. O, həmçinin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlunun da qardaşıdır. Türkiyə mediasının məlumatına görə, mərhumun dəfninin mayın 18-də Türkler Mərkəz qəbiristanlığında keçirilməsi planlaşdırılır.