İlham Əliyev Esvatini Kralı ilə görüşüb

Prezident İlham Əliyev mayın 17-də Esvatini Kralı III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə enerji və mədən sənayesi üzrə əməkdaşlıq müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında — WUF13-də iştirak üçün dəvətə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev isə 180-dən çox ölkənin nümayəndəsinin qatıldığı bu tədbirin dünyada şəhərsalma sahəsində aktual məsələlərin müzakirəsi və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən enerji, mədən sənayesi və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Esvatini Kralı Əlahəzrət III Msvati WUF13-də iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.