Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının — UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Görüşdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına — WUF13-ə hazırlıq, Azərbaycan-UN-Habitat əməkdaşlığı və ölkəmizin şəhərsalma təcrübəsinin beynəlxalq əhəmiyyəti müzakirə olunub.
Anaklaudia Rossbax Bakıda WUF13-lə bağlı görülən işlərin onda dərin təəssürat yaratdığını bildirib. O, Azərbaycanın bu mötəbər tədbirin təşkili üçün tətbiq etdiyi innovativ yanaşmaları yüksək qiymətləndirərək, həmin yanaşmaların forumun daha məzmunlu keçirilməsinə zəmin yaratdığını vurğulayıb. UN-Habitat rəhbəri Azərbaycanın tədbirə uğurlu ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.
Rossbax Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladaraq, bunun ardınca WUF13 kimi mühüm tədbirin Bakıda təşkilinin xüsusi əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, COP və WUF BMT sistemində ən böyük tədbirlər sırasında yer alır və Azərbaycan mahiyyət etibarilə bu iki platforma arasında əlaqə yaradıb.
Görüşdə UN-Habitat-ın fəaliyyətinə Azərbaycanın könüllü maliyyə töhfələri də yüksək qiymətləndirilib. Rossbax Azərbaycan-UN-Habitat əməkdaşlığını, eləcə də ölkəmizdə Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini bildirib və tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev isə tədbirin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan tərəfindən bütün zəruri addımların atıldığını qeyd edib. Dövlət başçısı bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13-lə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırladaraq, forumun nəticəyönümlü olacağına ümid etdiyini bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsi, ölkədə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmalar, həmçinin işğaldan azad edilmiş ərazilərdə postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri digər ölkələr üçün nümunəvi xarakter daşıyır. Dövlət başçısı Azərbaycanın bu təcrübəni bölüşməyə hazır olduğunu da diqqətə çatdırıb.
Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında Niyyət Məktubu imzalanıb. Sənəd WUF13 Bakı standartları əsasında gələcək Ümumdünya Şəhərsalma Forumu sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasını nəzərdə tutur. Bu təlimatın gələcək ev sahibi tərəflərin qərarqəbuletmə prosesinə dəstək verməsi və növbəti forumların operativ səmərəliliyini artırması hədəflənir.











