Braziliya millisinin və “Santos” klubunun hücumçusu Neymar İtaliya vətəndaşlığı alıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Onun sözlərinə görə, futbolçu rəsmi olaraq İtaliya vətəndaşı statusu əldə edib və prosesdə hüquqşünas Emiliano Nittinin hüquq şirkətinin dəstəyi olub.
Bu xəbər Braziliya millisinin DÇ-2026 üçün yekun heyətinin açıqlanmasına bir neçə gün qalmış gündəmə gəlib. Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin dünya çempionatı üçün son heyəti 18 mayda elan edəcəyi bildirilir. Neymar isə daha əvvəl Braziliyanın genişləndirilmiş siyahısına daxil edilib.
34 yaşlı futbolçunun mundialda iştirakı hələ tam dəqiqləşməyib. Ançelotti Neymarla bağlı qərarın onun meydandakı vəziyyətindən və fiziki formasından asılı olduğunu bildirib. Baş məşqçinin sözlərinə görə, Neymarın istedadı şübhə doğurmur, əsas məsələ onun turnirə tam hazır olub-olmamasıdır.
Neymar Braziliya millisinin tarixində ən məhsuldar futbolçu hesab olunur. O, milli komandada 79 qol vurub, lakin 2023-cü ilin oktyabrında aldığı ciddi diz zədəsindən sonra Braziliya millisində forma geyinməyib.