Trampın Çin səfərindən sonra əşyalar “Air Force One”a buraxılmadı

ABŞ nümayəndə heyətinə Çin rəsmiləri tərəfindən verilən əşyalar Trampın Pekin səfərindən sonra “Air Force One”a minməzdən əvvəl toplanaraq atılıb.

100

ABŞ Prezidenti Donald Trampın Pekinə səfərinin sonunda Amerika nümayəndə heyətinə Çin rəsmiləri tərəfindən təqdim edilən əşyalar prezident təyyarəsinə — “Air Force One”a minməzdən əvvəl toplanaraq atılıb.

Bu barədə New York Post” qəzetinin Ağ Ev müxbiri Emili Qudin “X” hesabında məlumat yayıb. Onun sözlərinə görə, amerikalı əməkdaşlar Çin tərəfinin təqdim etdiyi akkreditasiya kartlarını, Ağ Ev əməkdaşlarına verilmiş birdəfəlik telefonları və nümayəndə heyəti üçün nəzərdə tutulan nişanları təyyarəyə minməzdən əvvəl yığıblar. Qudin həmin əşyaların təyyarənin pilləkənləri yaxınlığındakı zibil qutusuna atıldığını bildirib.

Müxbir paylaşımında “təyyarəyə Çin mənşəli heç nə buraxılmırdı” ifadəsini işlədib. Hadisə ABŞ nümayəndə heyətinin Pekindəki səfəri zamanı tətbiq edilən sərt rəqəmsal təhlükəsizlik tədbirləri fonunda baş verib.

“New York Post” yazır ki, Tramp və Ağ Ev əməkdaşları Çində olduqları müddətdə şəxsi telefonlardan istifadə etməyiblər. ABŞ rəsmilərinin məlumatına görə, səfər zamanı əməkdaşlara məhdud funksiyalı “təmiz” cihazlar və müvəqqəti e-poçt ünvanları verilib, şəxsi cihazlar isə “Air Force One”da siqnalları bloklayan xüsusi Faradey çantalarında saxlanılıb.

Məlumata əsasən, bu tədbirlər mümkün məlumat sızmalarının və kiberhücum risklərinin qarşısını almaq məqsədi daşıyıb. ABŞ Dövlət Departamenti də Çinə səfər edən amerikalılara mobil və digər rabitə şəbəkələrində məxfilik gözləntisinin olmaması barədə xəbərdarlıq edir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031