Türkiyəli cəza hüquqçusu professor Ersan Şen prezidentliyə mümkün namizədliyi ilə bağlı açıqlamaları ilə yenidən siyasi gündəmə gəlib. Şen bildirib ki, xalqdan ciddi tələb olarsa, namizədlik ehtimalını tamamilə istisna etmir. Hüquqşünas “xalq istəsə, namizəd olaram” fikrini səsləndirib.
Ersan Şen açıqlamasında hər hansı siyasi partiyaya bağlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, müxalifət daxilində boşluq yaranarsa və bir neçə partiya bir araya gələrək onu namizəd göstərmək istəsə, bu məsuliyyətdən qaçmaya bilər.
Şen “bir neçə partiya birləşib namizəd göstərmək istəsə, əlimi daşın altına qoymaqdan çəkinmərəm” deyərək, belə bir ssenarinin ciddiləşəcəyi halda seçki kampaniyası prosesinin də başlaya biləcəyinə işarə edib.
Qeyd edək ki, Ersan Şenin adı daha əvvəl də prezidentliyə mümkün namizəd kimi gündəmə gəlmişdi. 2023-cü ildə “Altılı Masa” ətrafında yaşanan siyasi böhran zamanı Şen, İYİ Partidən təklif gələrsə, prezidentliyə namizəd ola biləcəyini bildirmişdi. Həmin vaxt Meral Akşenerin də onu görüşə dəvət etdiyi yazılmışdı.
Hüquqçunun son açıqlamaları Türkiyədə müxalifətin gələcək seçki strategiyası və mümkün ortaq namizəd ssenariləri ilə bağlı müzakirələri yenidən artırıb. Hələlik Şenin namizədliyi ilə bağlı hər hansı partiya tərəfindən rəsmi təşəbbüs elan edilməyib.