Prezident İlham Əliyev TDT Zirvə görüşündə iştirak edir

Prezident İlham Əliyev Türküstanda keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edərək süni intellekt, rəqəmsal inkişaf, Rəqəmsal İpək Yolu, Orta Dəhliz və Türk dünyasının geosiyasi güc mərkəzinə çevrilməsi barədə danışıb.

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Dövlət başçısını tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb, daha sonra liderlər birgə foto çəkdiriblər. Zirvə görüşü “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunub. 

Prezident İlham Əliyev çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və qədim Türküstan şəhərində olmaqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər məhz Türküstan olub. Prezident vurğulayıb ki, qədim şəhərlər xalqlar kimi qardaşdır.

Dövlət başçısı Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev son 5 ildə Qazaxıstana səkkizinci dəfə səfər etdiyini, Prezident Tokayevin isə Azərbaycana altı dəfə səfər etdiyini qeyd edib. Onun sözlərinə görə, dörd il əvvəl imzalanmış Birgə Bəyannamə iki ölkə arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırıb.

Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Dövlət başçısı ötən ilin oktyabrında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb.

Çıxışında qarşıdakı tədbirlərə də toxunan Prezident İlham Əliyev bildirib ki, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksək səviyyəli dialoqu təşkil ediləcək. Dövlət başçısı həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk dünyası həftəsinin iyun ayında Bakıda keçiriləcəyini qeyd edib.

Zirvə görüşünün mövzusuna toxunan Prezident İlham Əliyev bildirib ki, dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni mərhələyə qədəm qoyur və türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır. Azərbaycanda rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib. Prezidentin 2025-ci ildə imzaladığı sərəncamla “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib.

Dövlət başçısı çıxışında Azərbaycanda Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyasının yaradıldığını bildirib. Qeyd edək ki, Prezidentin 2026-cı il fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Prezident İlham Əliyev rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur və bu layihənin tərkib hissəsi olan Azərbaycan-Qazaxıstan Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısı nəqliyyat sahəsində əməkdaşlığa da diqqət çəkib. Prezident bildirib ki, cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır və reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. O, həmçinin Orta Dəhliz boyunca gömrük prosedurlarının sadələşdirildiyini, TDT çərçivəsində hazırlanmış “e-Permit” sisteminin elektron icazələrin operativ verilməsini təmin etdiyini qeyd edib.

Prezident İlham Əliyev çıxışının sonunda Türk dünyasının XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməli olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.