ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İran məsələsində Pekindən kömək istəmir və buna ehtiyac duymur. Onun sözlərinə görə, Prezident Donald Tramp Çin Sədri Si Cinpinlə görüşdə bu mövzunu yardım xahişi kimi yox, ABŞ-ın mövqeyini açıq şəkildə izah etmək üçün qaldırıb. Rubio ABŞ-ın əsas xəttinin dəyişməz olduğunu vurğulayıb: İran nüvə silahına malik olmamalıdır.
Rubio bildirib ki, İranın raket və dron potensialı Vaşinqton üçün ayrıca təhlükə yaradır. Onun fikrincə, Tehran güclü adi hərbi imkanlar yaradaraq gələcəkdə nüvə proqramı ilə bağlı addımlarını həmin “qalxan” arxasında gizlədə bilərdi. Dövlət katibi Tramp administrasiyasının hərəkətə keçməsini də məhz, bu təhlükə ilə izah edib.
Dövlət katibi Hörmüz boğazı məsələsinə də toxunub. O bildirib ki, ABŞ boğazın hərbiləşdirilməsinə və oradan keçid üçün rüsum sisteminin tətbiqinə qarşıdır. ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir də Çin rəsmilərinin Pekin sammitində Hörmüz boğazının “rüsumsuz və hərbi nəzarət olmadan” açıq qalmasının Çin üçün mühüm olduğunu bildirdiyini açıqlayıb.
Rubio Ukrayna ordusu barədə də diqqətçəkən açıqlama verib. O, Ukrayna Silahlı Qüvvələrini hazırda “Avropanın ən güclü və ən qüdrətli ordusu” adlandırıb. Dövlət katibinin sözlərinə görə, müharibə Ukrayna ordusunu yeni taktika, texnologiya və asimmetrik döyüş üsulları yaratmağa məcbur edib.
Çinin hərbi potensialını şərh edən Rubio son 10 ildə Çin ordusunun böyümə tempini “görünməmiş” adlandırıb. O bildirib ki, Pekin hərbi sisteminə böyük vəsait yatırır və yalnız Tayvanla məhdudlaşmayan daha geniş qlobal güc nümayişi imkanlarına sahib olmaq istəyir. Rubioya görə, Çin hazırda dünyada ABŞ-dan sonra ikinci ən güclü hərbi qüvvəyə malikdir.
Tayvan məsələsində isə Rubio ABŞ siyasətinin dəyişmədiyini deyib. Onun sözlərinə görə, Çin bu məsələni hər zaman gündəmə gətirir, Vaşinqton isə mövqeyini açıq şəkildə bildirərək digər mövzulara keçir. Rubio hesab edir ki, Pekin ideal halda Tayvanın könüllü şəkildə “birləşməsini” istəyərdi, lakin bunun güc yolu ilə həyata keçirilməsi “dəhşətli səhv” olardı. Si Cinpin görüşdə Tayvanı Çin-ABŞ münasibətlərində ən mühüm məsələ adlandırıb və bu mövzuda yanlış idarəetmənin “toqquşma və hətta münaqişə” riski yarada biləcəyini bildirib.