Onlar Fransa millisinin DÇ-2026 heyətinə düşmədi

Didye Deşam Fransa millisinin DÇ-2026 üçün 26 nəfərlik heyətini açıqlayıb. Eduardo Kamavinqa və Luka Şevalye siyahıdan kənarda qalıb, Robin Risser və Maksens Lakrua isə heyətə daxil edilib.

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatı üçün 26 nəfərlik heyəti açıqlayıb. Siyahıda ən diqqətçəkən məqamlardan biri “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa və qapıçı Luka Şevalyenin heyətə daxil edilməməsi olub. Fransa Futbol Federasiyasının məlumatına görə, Deşam yekun siyahını mayın 14-də “TF1” kanalının efirində elan edib. 

Kamavinqanın kənarda qalması Fransa mediasında əsas sürprizlərdən biri kimi qiymətləndirilir. “L’Équipe” yazır ki, “Real Madrid”in futbolçusunun mundial heyətinə düşəcəyi son günlərə qədər gözlənilsə də, Deşam yarımmüdafiəçi əvəzinə müdafiə xəttində əlavə seçim kimi Maksens Lakruanı heyətə daxil edib.

Qapıçı mövqeyində də diqqətçəkən seçim edilib. Deşam mundial üçün Mike Menyan, Bris SambaRobin Risseri heyətə çağırıb. Beləliklə, Luka Şevalye yekun siyahıdan kənarda qalıb. “La Dépêche” də Fransa millisinin siyahısında Şevalye və Kamavinqanın olmadığını xüsusi vurğulayıb.

Fransa yığması mundial öncəsi mayın 29-dan etibarən Klerfontendə toplanacaq. Komanda iyunun 4-də Kot-d’İvuar, iyunun 8-də isə Şimali İrlandiya ilə yoxlama oyunu keçirəcək. Fransa DÇ-2026-nın qrup mərhələsində Seneqal, İraqNorveçlə qarşılaşacaq.