“Sabah” Azərbaycan Kubokunu qazanaraq “qızıl dubl” etdi

“Sabah” Azərbaycan Kubokunun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub edərək mövsümü həm ölkə çempionu, həm də kubok qalibi kimi tamamlayıb.

2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib; “Palms Sports Arena”da baş tutan həlledici qarşılaşmada artıq Azərbaycan çempionluğunu təmin etmiş “Sabah” və “Zirə” üz-üzə gəlib. Görüş Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Matçda hesabı 4-cü dəqiqədə “Zirə”nin futbolçusu Eren Aydın açıb. “Sabah” 70-ci dəqiqədə Patrik Mbinanın qolu ilə tarazlığı bərpa edib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə Coy Lens Mikels fərqlənərək komandasına kuboku qazandıran qolu vurub.

Bu nəticə ilə Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” mövsümü həm ölkə çempionu, həm də kubok qalibi kimi tamamlayaraq “qızıl dubl” edib. Masazır klubu tarixində ikinci dəfə Azərbaycan Kubokunu qazanıb. “Sabah” ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olub.

“Zirə” isə üçüncü dəfə Azərbaycan Kubokunun finalına yüksəlsə də, yenə həlledici oyunda məğlub olaraq titul qazana bilməyib. Final matçını baş hakim Elçin Məsiyev idarə edib. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Əli Əliyev kömək ediblər. VAR hakimi Tural Qurbanov, AVAR hakimi isə Rəhman İmami olub.