ABŞ Prezidenti Donald Tramp nümayəndə heyəti ilə birlikdə Pekinə gəlib. Bu, ABŞ prezidentinin 2017-ci ildən bəri Çinə ilk səfəri kimi qiymətləndirilir. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Tramp Çin Sədri Si Cinpinin dəvəti ilə mayın 13-dən 15-dək Çində dövlət səfərində olacaq.
“Reuters”-in məlumatına görə, Trampı Pekində Çin rəsmiləri, hərbi fəxri qarovul və ABŞ-Çin bayraqları dalğalandıran tələbələr qarşılayıb. ABŞ liderinin səfəri çərçivəsində Si Cinpinlə iki günlük yüksək səviyyəli danışıqlar aparacağı gözlənilir.
Danışıqların əsas mövzuları arasında ticarət münasibətləri, ABŞ şirkətlərinin Çin bazarına çıxışı, süni intellekt və çip texnologiyaları, İran müharibəsi, Tayvan məsələsi və Vaşinqtonun Tayvana silah satışı planları yer alır.
Trampın nümayəndə heyətinə iri biznes və texnologiya şirkətlərinin rəhbərlərinin də daxil olduğu bildirilir. “Reuters” yazır ki, səfərdə “Nvidia” rəhbəri Censen Huanq və İlon Mask da iştirak edir. Tramp “Truth Social” hesabında Si Cinpindən Çinin ABŞ biznesi üçün daha açıq olmasını istəyəcəyini bildirib.
Səfər çərçivəsində rəsmi qəbul, Pekindəki Göy Məbədinə ziyarət və dövlət ziyafətinin keçirilməsi planlaşdırılır. “South China Morning Post”-un məlumatına görə, bu səfər ABŞ prezidentinin 2017-ci ildən sonra Çinə ilk səfəri olacaq və Ağ Ev tərəfi proqramda ikitərəfli görüşlərin nəzərdə tutulduğunu bildirib.