“Rheinmetall” kamikadze dronların kütləvi istehsalına başlayıb

Almaniyanın "Rheinmetall" şirkəti FV-014 kamikadze dronlarının seriyalı istehsalına başlayıb. Dronlar 100 kilometrədək məsafədə hədəfləri vura və 70 dəqiqəyədək havada qala bilir.

Almaniyanın ən böyük müdafiə sənayesi şirkəti “Rheinmetall” FV-014 tipli gəzən sursatların — kamikadze dronların kütləvi istehsal mərhələsinə keçdiyini açıqlayıb. Şirkətin baş direktoru Armin Papperger illik ümumi yığıncaqda bildirib ki, “Rheinmetall” bu sistemi Noys şəhərindəki müəssisəsində seriyalı istehsala keçirir. 

FV-014 həm kəşfiyyat, həm də zərbə funksiyalarını birləşdirən gəzən sursat sistemi kimi təqdim olunur. “Rheinmetall”-ın rəsmi məlumatına görə, dron 100 kilometrədək məsafədə fəaliyyət göstərə, 70 dəqiqəyədək havada qala və hədəfi izlədikdən sonra ona zərbə endirə bilir. Sistem 4 kiloqramlıq döyüş başlığı və detonator mexanizmi ilə təchiz olunub.

“Rheinmetall” apreldə Almaniya Bundesverindən FV-014 sistemləri üzrə böyük sifariş alıb. Şirkətin məlumatına əsasən, çərçivə müqaviləsinin ümumi həcmi milyardlarla avro qiymətləndirilir, ilk sifariş paketi isə təxminən 300 milyon avro təşkil edir. Tədarüklərin 2027-ci ilin birinci yarısında başlanması planlaşdırılır.

Şirkət nümayəndəsinin sözlərinə görə, FV-014 artıq Braunşveyqdə istehsal olunur və istehsalın Noys şəhərindəki müəssisəyə genişləndirilməsi planlaşdırılır. Noys zavodu əvvəllər avtomobil komponentləri istehsal edirdi, lakin “Rheinmetall” həmin obyekti müdafiə sənayesi məhsullarının buraxılışı üçün yenidən istiqamətləndirir.

Papperger FV-014-ün qısa müddətdə hazırlandığını və sistemin tamamilə Avropa İttifaqı daxilində istehsal edildiyini vurğulayıb. “Rheinmetall”-ın rəsmi açıqlamasında da dronun hazırlanması və istehsalının tam şəkildə Aİ daxilində həyata keçirildiyi qeyd olunur.