Gürcüstanın Axaltsixe şəhərinin Marda qəsəbəsində yerləşən kilsə ilə bağlı insident baş verib. Yerli mediaya istinadən yayılan məlumata görə, naməlum şəxslər gecə saatlarında kilsədən ikonaları və digər dini əşyaları çıxararaq zibil qutularının yanına qoyublar. Hadisənin mayın 11-dən 12-nə keçən gecə baş verdiyi bildirilir.
“Georgia24” teleqram kanalının məlumatına görə, ikonalar növbəti gün yaxınlıqda yaşayan sakinlər tərəfindən aşkarlanıb və yenidən kilsəyə qaytarılıb. Hadisə barədə din xadimlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsi üzrə araşdırmaya başlayıb. Bu maddə dini ayinlərin icrasına qanunsuz mane olma ilə bağlı məsuliyyəti nəzərdə tutur.
Məlumata görə, sözügedən məbəd uzun illərdir Gürcü Pravoslav Kilsəsi ilə Erməni Apostol Yeparxiyası arasında mübahisə predmeti olaraq qalır və hazırda burada müntəzəm dini ayinlərin keçirilmədiyi bildirilir.
Erməni Apostol Kilsəsinin nümayəndəsi Akop Saakyan hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyini bilmədiyini deyib. Onun sözlərinə görə, ikonalar və digər əşyalar çölə çıxarılıb, üzərlərinə zibil atılıb və onlar pis vəziyyətdə aşkarlanıb.
Hadisə Gürcüstanda dini abidələrin statusu, dini icmalararası münasibətlər və ibadət yerlərinin qorunması məsələlərini yenidən gündəmə gətirib. Hazırda hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri gözlənilir.