Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən böyük anbarda güclü yanğın baş verib. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub və yanğınla mübarizə tədbirləri davam etdirilir.
Məlumata görə, yanğın Lökbatan qəsəbəsi yaxınlığında yerləşən iri anbar obyektində başlayıb. Əraziyə yanğınsöndürmə qüvvələri ilə yanaşı, polis əməkdaşları da cəlb olunub. Vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi, hadisə yerinin nəzarətə götürülməsi və yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti üçün operativ tədbirlər görülür.
Yanğının söndürülməsi üçün FHN-in helikopterinin də cəlb olunduğu bildirilir. Ilkin informasiyaya əsasən, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.
Bəzi yerli media orqanları hadisənin “Bakı Logistika”ya məxsus anbar ərazisində baş verdiyini yazır. Hazırda yanğının səbəbi və dəymiş ziyanın həcmi barədə rəsmi yekun məlumat açıqlanmayıb.