Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatı etməyi nəzərdən keçirir

Donald Tramp "Fox News"-un Con Robertsinə bildirib ki, Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir. Karakas isə ölkənin suverenliyini müdafiə edəcəyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi imkanını “ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib. Bu barədə “Fox News”-un aparıcısı Con Roberts Tramp ilə telefon danışığından sonra məlumat yayıb. “Fox”-a bağlı “LiveNOW” platformasında dərc edilən məlumatda qeyd olunur ki, Tramp Venesuelanın böyük neft ehtiyatlarına malik olduğunu vurğulayıb və ölkənin ABŞ-a ştat kimi qoşulması ideyasını müzakirə etdiyini deyib. 

“Associated Press”-in məlumatına görə, Trampın bu açıqlamasından sonra Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkəsinin ABŞ-ın 51-ci ştatı olmaq niyyətində olmadığını bəyan edib. O, Haaqada Beynəlxalq Ədalət Məhkəməsində jurnalistlərə açıqlamasında Venesuelanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edəcəyini bildirib.

Nəşr yazır ki, Trampın sözləri “Fox News”-un Con Robertsin sosial media paylaşımına əsasən yayılıb, Ağ Ev isə məsələ ilə bağlı sorğuya dərhal cavab verməyib. Bu səbəbdən açıqlama hələlik Ağ Evin rəsmi siyasi qərarı və ya hüquqi təşəbbüsü kimi yox, Trampın mediaya verdiyi siyasi bəyanat kimi qiymətləndirilir.

Venesuelanın ABŞ-ın ştatına çevrilməsi hüquqi baxımdan son dərəcə mürəkkəb proses sayılır. Belə bir addım üçün ABŞ Konqresinin razılığı, Venesuela tərəfinin siyasi-hüquqi razılığı və beynəlxalq hüquq baxımından suverenlik məsələlərinin həlli tələb oluna bilər. Bu səbəbdən Trampın açıqlaması daha çox Vaşinqtonun Venesuela üzərində geosiyasi və enerji təsirini artırmaq istəyi kimi şərh olunur.

Açıqlama ABŞ-ın Latın Amerikası siyasəti və Venesuelanın neft ehtiyatları ətrafında yeni müzakirələr yaradıb. Tramp daha əvvəl Kanada ilə bağlı da “51-ci ştat” ritorikasından istifadə etmişdi.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.