“Turan Tovuz” 32 ildən sonra yenidən avrokuboklarda çıxış etmək hüququ qazanıb. Tovuz təmsilçisi Misli Premyer Liqasının XXXI turunda doğma meydanda “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub edib və mövsümün bitməsinə iki tur qalmış ən azı üçüncü yeri təmin edib. Bu nəticə Kurban Berdıyevin komandasına 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında iştirak imkanı yaradıb.
Tovuz şəhər stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Operativ Məlumat Mərkəzi”nin məlumatına görə, qələbə qolunu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub. Bu qələbədən sonra “Turan Tovuz” xallarını 59-a çatdıraraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Karvan-Yevlax” isə 14 xalla sonuncu sırada qalıb və növbəti mövsümü aşağı liqada keçirəcək.
MSNews.az yazır ki, Tovuz təmsilçisi Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi də tarixə düşüb. 1994-cü ildə ölkə çempionu kimi UEFA kubokuna qatılan “Turan” ilk mərhələdə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmışdı. Həmin vaxt İstanbulda keçirilən ilk oyunda “Fənərbaxça” 5:0, Sumqayıtdakı cavab görüşündə isə 2:0 hesabı ilə qalib gəlmiş və “Turan” mübarizəni dayandırmışdı.
Beləliklə, 1994-cü ildən sonra Tovuz futbolu yenidən qitə arenasına qayıdır. Kurban Berdıyevin rəhbərlik etdiyi komandanın bu uğuru həm klub, həm də bölgə futbolu üçün tarixi nəticə kimi qiymətləndirilir. Baş məşqçi matçdan sonra “ən aşağı nöqtədən başladıq, indi avrokuboklara gedirik” deyərək futbolçularının qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiyini vurğulayıb.