Dalio ABŞ-da siyasi gərginliyin artacağı barədə xəbərdarlıq edib

Milyarder investor Rey Dalio ABŞ-da 2026-cı il seçkilərindən sonra siyasi gərginlik, sosial qarşıdurma və maliyyə böhranı risklərinin arta biləcəyini bildirib.

ABŞ-da 2026-cı il aralıq seçkilərindən sonra siyasi və sosial qarşıdurmalar daha da kəskinləşə bilər. “Bridgewater Associates” investisiya şirkətinin qurucusu, milyarder Rey Dalio “The New York Times”ın “Interesting Times” podkastında bildirib ki, ölkə eyni anda bir neçə ciddi təzyiqlə üz-üzədir: büdcə kəsiri, daxili siyasi parçalanma, geosiyasi risklər və texnoloji dəyişikliklər.

Dalionun fikrincə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasına nəzarəti itirərsə, 2026-cı il aralıq seçkilərindən 2028-ci il prezident seçkilərinə qədər olan dövr ABŞ üçün daha riskli mərhələyə çevrilə bilər. O, siyasi bölünmələrin dərinləşə biləcəyini desə də, bunun qəti proqnoz deyil, risk ssenarisi olduğunu xüsusi vurğulayıb. Dalio “genişmiqyaslı zorakılıqdan narahat olduğunu, lakin bunu proqnozlaşdırmadığını” bildirib.

Milyarder investor ABŞ iqtisadiyyatında da ciddi problemlərə diqqət çəkib. Onun sözlərinə görə, yüksək borclanma və büdcə xərclərinin gəlirləri üstələməsi maliyyə böhranı riskini artıra bilər. “Business Insider”in yazdığına görə, Dalio ABŞ hökumətinin son maliyyə ilində təxminən 7 trilyon dollar xərclədiyini, gəlirlərin isə 5,2 trilyon dollar olduğunu xatırladıb.

Dalio hesab edir ki, mümkün maliyyə böhranı Vaşinqtonun müdafiə və sosial proqramlara vəsait ayırmaq imkanlarını məhdudlaşdıra, faiz dərəcələrinin yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər. O, bu ssenarini inflyasiyanın yüksək, iqtisadi artımın isə zəif olduğu “staqflyasiya” mühiti ilə əlaqələndirib.

Onun sözlərinə görə, qarşıdakı illərdə ABŞ üçün əsas təhlükə təkcə iqtisadi göstəricilərlə bağlı deyil. Siyasi qütbləşmə, sosial bərabərsizlik, beynəlxalq gərginliklər və süni intellektin sürətli təsiri birlikdə ölkədə daha mürəkkəb və qeyri-sabit dövr yarada bilər.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.