“BakuBus” və “Bakı Taksi Xidməti” “Bakı Metropoliteni”nə birləşdirilir

Prezident İlham Əliyevin fərmanına əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC “Bakı Metropoliteni” QSC-yə qoşulur. Məqsəd ictimai nəqliyyatın vahid mərkəzdən idarə olunmasıdır.

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında fərman imzalayıb. Fərmana əsasən, “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC “Bakı Metropoliteni” QSC-yə qoşulacaq. 

Fərmanın məqsədi ictimai nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin inteqrasiyasının gücləndirilməsi və şəhərdaxili mobilliyin daha keyfiyyətli təşkilidir. Sənəddə qeyd olunur ki, yenidən təşkil edilən “Bakı Metropoliteni” metro, avtobus, tramvay və taksi xidmətlərinin vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsi kimi fəaliyyət göstərəcək.

Yeni struktur çərçivəsində “Bakı Metropoliteni” QSC “BakuBus” və “Bakı Taksi Xidməti”nin hüquqi varisi olacaq. Bu o deməkdir ki, həmin qurumların bütün hüquqları, öhdəlikləri və əmlakı “Bakı Metropoliteni”nə keçəcək.

Fərmana əsasən, cəmiyyətin fəaliyyətinə ümumi rəhbərlik və nəzarət üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cari rəhbərliyi isə sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə — AZCON-a “Bakı Metropoliteni”nin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.