İngiltərənin qadınlardan ibarət “Lester Siti” komandasında mövsümün mükafatları açıqlanıb. Klubun rəsmi məlumatına görə, isveçrəli futbolçu Alişa Leman azarkeşlərin səsverməsi nəticəsində mövsümün ən yaxşı futbolçusu seçilib. O, həmçinin mart ayında keçmiş klubu “Aston Villa”ya qarşı vurduğu qolla mövsümün ən yaxşı qolu mükafatını da qazanıb.
Bu seçim sosial şəbəkələrdə müzakirə doğurub. Buna səbəb Lemanın mövsüm ərzində meydanda çox məhdud vaxt almasıdır. “FotMob”-un statistikasına əsasən, 2025/26 WSL mövsümündə Leman 1 qol, 0 assist və 501 dəqiqə ilə yadda qalıb. Eyni mənbədə onun orta reytinqi 6.18 kimi göstərilir.
İngiltərə mediası da bu qərarı diqqətə çəkib. “SportBible” yazır ki, Leman “Lester”də mövsümün iki mükafatını cəmi 415 dəqiqəlik oyun vaxtı fonunda qazanıb. Müxtəlif statistika platformalarında dəqiqə göstəricilərində fərq olsa da, əsas məqam dəyişmir: futbolçunun meydandakı göstəriciləri mükafatın yaratdığı rezonansı daha da artırıb.
Klubun rəsmi açıqlamasında qadınlardan ibarət komanda üzrə digər mükafatın Şennon O’Brayenə verildiyi də qeyd olunub. O, komanda yoldaşlarının seçimi ilə mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.
Lemanın seçilməsi azarkeş səsvermələrində populyarlıq amilinin nə qədər təsirli ola biləcəyini yenidən gündəmə gətirib. İsveçrəli futbolçu qadın futbolunun ən tanınan simalarından biri sayılır və onun meydandankənar populyarlığı da bu nəticənin müzakirə olunmasına səbəb olub.