Konqo Demokratik Respublikasında saxta sağlamlıq şayiələrinin yayılması ölümcül nəticələrə gətirib çıxarıb. “Reuters”-in araşdırmasına görə, ötən ilin sonlarında ölkənin şimal-şərqində yerləşən Tşopo əyalətində kişilərin cinsi orqanlarının “kiçildiyini” iddia edən əsassız şayiələr kəndlər arasında sürətlə yayılıb. Sosial şəbəkələrdə, yerli media platformalarında və bəzi dini toplantılarda paylaşılan “şəhadət videoları” qısa müddətdə panika yaradıb.
Oktyabr ayında bu panika real zorakılığa çevrilib. “Reuters”-ə danışan dörd rəsmi şəxs və sağ qalan bir şahidin sözlərinə görə, vaksinasiya ilə bağlı araşdırma aparan dörd səhiyyə işçisi qəzəbli kütlələr tərəfindən öldürülüb. Onlar guya saxta xəstəliyi yaymaqda ittiham ediliblər, halbuki apardıqları tədqiqat həmin şayiə ilə əlaqəli olmayıb. ÜST-nin rəhbərlik etdiyi “Africa Infodemic Response Alliance” təşkilatının məlumatına görə, bu şayiə ilə bağlı ölkə üzrə azı 17 qətl hadisəsi qeydə alınıb. Digər ölüm halları isə müstəqil şəkildə təsdiqlənmir.
Tşopo rəsmiləri iddiaları araşdırdıqlarını və belə bir xəstəliyin mövcudluğuna dair heç bir sübut tapmadıqlarını bildiriblər. Buna baxmayaraq, şayiələr artıq sosial qorxuya çevrilmişdi. Yerli məhkəmə panikanı alovlandırmaqda iştirak edən şəxslərdən birinə 12 ay həbs cəzası verib, təxminən on nəfərin isə saxlanıldığı bildirilir.
“Reuters”-in araşdırması göstərir ki, Tşopoda bəzi kilsələr də şayiələrin yayılmasında rol oynayıb. Videolardan birində Kisanqani şəhərindəki dini toplantıda bir şəxs pastorun onu dua ilə “sağaltdığını” iddia edib. Başqa bir videoda isə yerli kilsə rəhbəri “möcüzəvi müalicə”dən danışıb. Bu iddiaların heç biri tibbi sübutlarla təsdiqlənməyib.
Mütəxəssislərin fikrincə, Afrikanın bəzi bölgələrində rəsmi səhiyyəyə inamsızlığın kökləri həm müstəmləkə dövrünün zorakılıqları, həm də daha yeni Qərb mənşəli klinik sınaqlarla bağlı narahatlıqlara gedib çıxır. Afrika CDC-nin baş direktoru Jan Kaseya bildirib ki, yalan məlumatlar insanları vaksinlərdən, həkimlərdən və həyat qurtaran müalicələrdən uzaqlaşdırır. Mozambik və Malavidə də saxta vəba məlumatları fonunda icma liderlərinə və səhiyyə işçilərinə hücumlar qeydə alınıb.
ÜST-nin məlumatına görə, “infodemiya” ictimai səhiyyə böhranı zamanı doğru və yanlış məlumatların həddindən artıq çoxalmasıdır və bu, insanların səhiyyə qurumlarına etimadını sarsıda, xəstəliklə mübarizəni çətinləşdirə bilər. “Africa Infodemic Response Alliance” Afrikada təhlükəli sağlamlıq dezinformasiyasına qarşı faktlara əsaslanan məlumatları yaymaq üçün yaradılmış regional şəbəkədir.
Problemin həlli isə daha da çətinləşib. ABŞ və digər ölkələrin xarici yardım ixtisarları AIRA-nın maliyyəsini azaldıb. Təşkilatın onlayn dezinformasiyanı izləmək üçün istifadə etdiyi süni intellekt platforması abunə xərclərinə vəsait çatışmadığı üçün fəaliyyətini dayandırıb. ÜST-nin Afrika regional ofisi AIRA-nın fəaliyyətini davam etdirmək və genişləndirmək üçün yeni maliyyə mənbələri ilə bağlı danışıqların aparıldığını bildirib.